Səbinə Əliyeva DTX-nin istintaq təcridxanasına baş çəkib

Səbinə Əliyeva DTX-nin istintaq təcridxanasına baş çəkib
Oxunma sayı: 1732

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

"Qafqazinfo" xəbər verir ki, Milli Preventiv Qrupun üzvlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti, qidalanma, ərzaq təminatı, tibbi xidmətin təşkili vəziyyəti araşdırılıb, bu məqsədlə müəssisənin obyektlərinə, kameralarına baxış keçirilib.

Ombudsman tərəfindən rəftar məsələlərinin araşdırılması ilə bağlı bir neçə təqsirləndirilən şəxslə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, qanunvericiliyin tələbləri izah olunub, bir sıra müraciətlər isə yerində təmin olunub. 

Başçəkmə zamanı qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından, müəssisədə saxlanma şəraitindən şikayət etməyiblər. 

Yekunda müəssisə rəhbərliyinə və əməkdaşlara ünvanlanan hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.