Şimal-Cənub nəqliyyat dəhlizinin Qərb, Şərq və Mərkəzi marşrutlarının, eləcə də digər istiqamət və komponentlərinin inkişaf etdirilməsi, hazırda iştirakçı dövlətlərin intensiv müzakirəsində olan və qarşılıqlı təmasların artmasına rəvac verən əsas mövzulardan biridir. Prinsip etibarilə, sözügedən mövzu, bir sıra iştirakçı ölkələrdən fərqli olaraq, Azərbaycan üçün həyati əhəmiyyət kəsb etməsə də, ölkəmiz hər zaman beynəlxalq nəqliyyat dəhlizlərinin və onların ayrı-ayrı marşrutlarının şaxələndirilməsində daim maraqlı olduğunu nümayiş etdirib, bu istiqamətdə məsuliyyətlilik və ardıcıllıq baxımından örnək ola biləcək davranış sərgiləyib.
Bir çox hallarda, ən müxtəlif qütblərin sabotaj, sui-istifadə cəhdlərinə və ya hətta maraqlarına uyğun gəldiyi halda müşahidəçi mövqeyində dayanmalarına baxmayaraq, müxtəlif nəqliyyat dəhlizlərinin qovşağı olan Azərbaycan həm ölkənin logistik imkanlarının, həm də iqtisadi əlaqələrinin genişləndirilməsində maraqlı olub, regional və qlobal əməkdaşlığın inkişafını stimullaşdıra biləcək ən müxtəlif layihələrin həyata keçirilməsində önəmli rol oynayıb. Bu xüsusda, Azərbaycanın nəqliyyat dəhlizlərinin diversifikasiyasında və prosesin inkişafına uyğun olaraq, ölkənin logistik altyapısının, kommunikasiya imkanlarının genişləndirilməsində prioritetləri kifayət qədər aydındır. Bu baxımdan, hətta ölkəmizə qarşı nümayiş etdirdiyi, yaxın qonşuluq münasibətləri, dövlətlərarası əlaqələrin hüquqi əsasları və fəlsəfəsi ilə uzlaşmayan davranışlarına baxmayaraq, Şimal-Cənub nəqliyyat dəhlizinin Qərb marşrutu üzrə layihələrin gerçəkləşməsi ilə bağlı Azərbaycanla İran arasındakı təmasların intensivləşməsi də mümkündür. Nəzərə alsaq ki, hazırda Şimal-Cənub dəhlizi üzrə, məhdud çərçivədə olsa da belə, Azərbaycan və İrana məxsus nəqliyyat vasitələrinin hərəkətliliyi nəzərə çarpmaqdadır, o zaman prosesin irəliyə doğru aparılması baxımından, dialoq “pəncərəsi”nin qismən də olsa açılması təəccüblə qarşılanmamalıdır. Amma bu, məsələnin görünən tərəfidir. Kommunikasiya imkanlarının genişləndirilməsi, iqtisadi fəallığın artırılması kimi məqamlar önəm kəsb etsə də, müasir dövrün paradiqmaları və yeni geosiyasi reallıqlar kontekstində prosesin irəliyə doğru aparılması üçün yetərli deyil. İndiki halda, İranla Azərbaycan arasında, xüsusilə də rəsmi Tehranın yaratdığı problemlərin aradan qaldırılması, bir çox səbəblərdən, ən əsası isə qarşılıqlı təmasların intensivləşməsinə zəmin yarada biləcək, cüzi də olsa etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. İran, ən azı son bir ildə Azərbaycana qarşı həyata keçirdiyi və münasibətləri qırıma nöqtəsinə gətirən hadisələri aydınlığa çıxarmalı, ilk növbədə qarşılıqlı münasibətlərin hərəkətliliyinə imkan yaradan “ünsiyyət dəhlizi”ni əməli addımlarla bərpa etməyə çalışmalıdır. Bunun üçün isə diplomatik kanallar vasitəsilə mesajların ötürülməsi yetərli deyil. Ortalıqda terror və sui-qəsd hadisələrindən, adam oğurluğundan, Azərbaycanın konstitusion dövlət quruluşunun əleyhinə yönəlmiş kəşfiyyat və cəsusluq hərəkətlərindən, ideoloji, siyasi sabotajdan və digər bu kimi cinayət əməllərindən doğan faktlar var. Və bu faktlarla bağlı sualların heç birinə aydınlıq gətirilməyib. “Müdrikcəsinə” susmaq, müxtəlif informasiya təxribatları ilə gündəmi dəyişdirməyə cəhd göstərmək, Azərbaycan cəmiyyətinin kəskin etirazına səbəb olan hadisələrin nə zamansa unudulacağına ümid bəsləmək çıxış yolu deyil.
Konkret faktlara konkret addımlarla cavab verilməlidir:
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun hərtərəfli araşdırılması və cinayətkarların cəzalandırıması istiqamətində heç bir əməli addımın atılmamasının səbəbi nədir? Azərbaycan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi, daha iki əməkdaşının - Vasif Tağıyev və Mahir İmanovun ağır dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən terror hadisəsi ilə bağlı əsl mənzərənin üzə çıxarılmasında İranın müvafiq dövlət qurumları nə üçün maraqlı deyillər? Əgər İran rəsmiləri bu “susqunluğu”, yaxud “saymazyana”, hikkəli davranışları ilə hansısa nəticəyə nail olacaqlarını düşünürlərsə, bu “nəticəni” onların kötükcələrinin də görməyəcəklərinə əmin ola bilərlər.
İranda hər gün, sivil dünya üçün cinayət sayılmayan hadisələrlə bağlı belə ölüm hökmləri çıxarılır, inqilab məhkəmələri ən ağır və mürəkkəb cinayətlərlə bağlı ildırım sürətiylə məhkəmələr keçirir. Siyasi hakimiyyətin arziladığı və xeyir-dua verdiyi halda istintaq prosesi, az qala bir göz qırpımında başa çatdırılır... İndi atan bəlli, vuran bəlli... O zaman bu nəhayətsiz “sükut”un qarşılığında kələfin ucunu harda axtaraq? Bütün hallarda şübhələr terrorçunun cəzalandırılmasında maraqlı olmayan tərəfin üzərində dayanır...
Bu azmış kimi, yanvarın 27-də səfirliyimizdə həyata keçirilən terror aksiyasının davamı Azərbaycan Respublikasının ərazisində gerçəkləşdirilib. Həm də Milli Məclisin deputatına qarşı... Fazil Mustafa yaşadığı evin qarşısında güllələnərək ağır bədən xəsarəti alıb. Bütün izlər İranın xüsusi xidmət orqanlarını nişan versə də, ən adi məsələlərlə bağlı dil boğaza qomayan qarşı tərəf yenə də lal sükuta qərq olub. El arasında deyildiyi kimi, “daş dinir, qaya danışır”, amma İrandan səs çıxmır ki, çıxmır.
Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərlinin aldadılaraq İrana aparılması və orada qondarma ittihamlarla həbs edilməsi, rəsmi Bakının müraciətlərinə baxmayaraq, İranın indiyədək bu məsələyə heç bir münasibət bildirməməsi, Tehranın dövlət əxlaqına, insanlığa yaraşmayan davranışlarının növbəti nümunəsidir.
İran Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu dövrdən ölkəmizə qarşı təxribatlarını durmadan davam etdirir. Bu illər ərzində ifşa olunan cəsus şəbəkələrinin, terrorçuların, Azərbaycanın dövlət quruluşuna qarşı savaş açan Vətən xainlərinin, ölkəmizdəki tolerant mühüti hədəfə alan bölücülərin siyahısına nəzər salsaq, İranın böyük bir fərqlə “liderlik” etdiyini, hətta Ermənistanı belə xeyli üstələdiyini görə bilərik. Azərbaycanın müvafiq orqanlarının səyləri nəticəsində İranın Azərbaycandakı, bir çox hallarda Ermənistanın xüsusi xidmət orqanları ilə sinxron hərəkət edən cəsus və təxribat şəbəkəsində yer alan xainlərin böyük qismi ifşa olunub, başçıları saxlanılıb. Bu şəbəkənənin məhz İran ərazisindən idarə edildiyi, maliyyələşdirildiyi, cəsus fəaliyyəti, terror və sabotaj üçün müvafiq avadanlıqlarla təmin olunduqları sübuta yetirilib. Azərbaycanda hər kəsə, o cümlədən İran rəsmilərinə yaxşı bəlli olan bir el məsəli var: Görünən kəndə nə bələdçi? Təbrizdə isə “Acıqla qalxan ziyanla оturar” deyirlər... Acıqla, hikkəylə, feodal dövrünün təhdid ismarışlarını xatırladan atmacalarla, mübaliğəli xitablarla heç nəyə nail olmaq mümkün deyil. “Sirkə nə qədər tünd olarsa öz qabını çatladar”. Bizim yolumuz da var, izimiz də. Şimaldan Cənuba yeni və daha əlverişli yolla gedib-gəlmək istəyən, yola gəlsin. Daha bizə havadan, qurudan... ismarışlar yollamasın. Səbrimizin “mesaj qutusu” dolub və ən azı son bir il ərzində sınırlarımızı və sinirlərimizi tarıma çəkən hadisələrə dolgun bir şəkildə aydınlıq gətirilməsini gözləyirik...
Gözləyirik...
Hələ ki...
Elçin Mirzəbəyli