Seçicilər xaçmazlı namizəd Vasif İsrafilovu dəstəkləyirlər - Fotolar

seciciler-xacmazli-namized-vasif-israfilovu-destekleyirler
Oxunma sayı: 1709

Tanınmış vəkil Vasif İsrafilovun 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə təbliğat-təşviqat kampaniyası davam edir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.İsrafilov artıq namizədliyini irəli sürdüyü ərazidə yerləşən 25-dən çox kənddə seçiciləri ilə görüşüb. Bir-bir hər kəndin sakinləri ilə müzakirələr aparan namizəd V.İsrafilov həm yaşayış yerlərinin ümumi ictimai problemləri ilə, həm də seçicilərin fərdi problemləri ilə maraqlanıb. Peşəsinə uyğun olaraq yüzlərlə sakinə yerindəcə pulsuz hüquqi məsləhət verib.

V.İsrafilov bütün kəndlərin və Xudat şəhərinin sakinlərini fevralın 1-i saat 12-də Xudat şəhər Mədəniyyət evində təyin edilmiş görüşə dəvət edib. Həmçinin bu dairədən olan bütün namizədləri seçicilərin önündə həmin görüşdə debata çağırıb.

Seçicilər bu görüşlərə görə Vasif İsrafilova təşəkkür ediblər və fevralın 9-da keçiriləcək seçkilərdə birmənalı olaraq onu dəstəkləyəcəklərini bildiriblər. Sakinlər artıq bu dairədən yerli sakinin deputat olmasını istədiklərini vurğulayıblar.

V.İsrafilov seçicilərə müraciət edərək bildirib ki, Xaçmaz rayonu Şollar kəndində anadan olub və Xudat şəhər 3 saylı orta məktəbdə təhsil alıb. Uzun müddət bu ərazidə yaşadığı, hazırda da mütəmadi əlaqəsinin olduğu üçün sakinlərin problemlərini də, onların istəklərini də, bu əraziyə xas olan dəyərləri də çox yaxşı bilir.

Tanınmış vəkil qeyd edib ki, millət vəkili seçiləcəyi təqdirdə:

-  Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına əsaslanaraq ölkə vətəndaşlarının mənafelərinin keşiyində duracağam.

-  Ölkəmizdə sosial-iqtisadi, siyasi sabitliyin qorunması üçün qüvvə-bacarığımı əsirgəməyəcəyəm. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün zəruri olan qanun və qərarların, Dövlət Proqramlarının qəbul edilməsinə çalışacağam.

-  İqtisadi islahatların həyata keçirilməsi, sahibkarlarlığın inkişafı istiqamətində maneələrin aradan qaldırılmasına səy göstərəcəyəm.

-  Azərbaycan iqtisadiyyatında əhalinin real imkanlarını nəzərə alan siyasətin işlənib hazırlanmasına kömək edəcəyəm, müvafiq qanunların hazırlanmasında və qəbulunda seçicilərimin fikirlərini əsas tutacağam.

-  Xudat şəhərinin və rayon ərazisinin  yaşayış məntəqələrində mövcud bələdiyyə mülkiyyətindən və hüquqlarından səmərəli istifadə etməklə yeni iş yerlərinin açılmasına, bu ərazidə ekoloji problemlərin həll olunmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına yönələn qanunların qəbul edilməsinə nail olacağam.

-  Əlillər, şəhid ailələri, kimsəsizlər, çoxuşaqlı analar, köməyə ehtiyacı olan aztəminatlı insanlar üçün sosial müdafiə proqramının dərinləşdirilməsi və sosial ədalət prinsipi ilə bunların həyata keçirilməsi ilə bağlı qanunların həyata keçirilməsinə çalışacağam.

-  Əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortanın tətbiqinin daha da dərinləşdirilməsi, xəstəxanaların dünya standartlarına və tələblərə uyğunlaşdırılması, bu sahədə kadr hazırlığına və kadr çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə çalışacağam.

-  Xudat şəhərində və rayon ərazisində tibbi kadrların çatışmazlığını nəzərə alaraq bu sahədə oxuyan tələbələrə  dəstək göstərəcəyəm.

-  Rayon ərazisində mövcud olan tarixi və mədəniyyət abidələrinin bərpa olunmasına, qorunmasına qayğı göstərmək;

-  Xudat şəhərinin və rayon ərazisinin sənaye potensialını inkişaf etdirmək məqsədilə yaxın və uzaq xaricdəki iş adamlarını bu əraziyə cəlb etmək, onların investisiya imkanlarından istifadə etmək;

-  Rayonun ərazisində sağlam ictimai-siyasi mühitə nail olmaq, milliyətindən, dini etiqadından asılı olmayaraq bütün mütərəqqi qüvvələrin konsolidasiyasına çalışaraq onları rayon üçün vacib olan problemlərin həllinə cəlb etmək;

-  Seçicilərimin etimadını qazanaraq millət vəkili seçiləcəyim təqdirdə korrupsiyaya, rüşvətxorluğa, inhisarçılığa qarşı mübarizə aparacaq, icra orqanlarının fəaliyyətinə ümumxalq nəzarətinin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, bu sahədə hüquq-normativ aktların qəbulu diqqət mərkəzimdə olacaqdır.

-  Xudat şəhərində və rayon ərazisində yeni iş yerlərinin açılması, kənd yollarının yenidən qurulması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması istiqamətində başlanmış işlərin davam etdirilməsinə çalışacağam.

-  Ən nəhayət, seçicilərimə və xalqımıza arxalanaraq həmişə haqqın tərəfində dayanacaq, insanların hüquq və azadlıqlarının qorunmasına çalışacağam. Xudat şəhərində daimi qərargahım olmaqla rayon əhalisi ilə mütəmadi olaraq görüşəcək, hər Xaçmazlının fərdi vəkili olacaq, həmişə əlçatan olacaq, hər bir vətəndaşın probleminə şəxsi problemim kimi yanaşacağam.