Seçicilərinin yanında olan namizəd - Fotolar

secicilerinin-yaninda-olan-namized
Oxunma sayı: 1751

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə səmimi ünsiyyəti ilə diqqət çəkir. 

“Qafqazinfo” xəbər verir ki, 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Təşviqat kampaniyasında xüsusi fəallığı ilə seçilən namizədlərdən biri də Yeni Azərbaycan Partiyasının 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyevdir. Təşviqat kampaniyasının ilk günündən başlayaraq seçicilərlə qarşılıqlı etimada əsaslanan sıx ünsiyyət quran Elnur Allahverdiyev ailələrdə keçirdiyi görüşlər, seçicilərlə rahat və səmimi söhbətləri ilə də diqqət çəkir. Namizəd İbrahimxəlilovlar ailəsinin qonağı olarkən burada çay süfrəsi arxasında səmimi söhbət aparılıb.

Ailənin bütün üzvləri səsvermədə iştirak edəcəklərini və Elnur Allahverdiyevə səs verəcəklərini bildiriblər. Elnur Allahverdiyevin Bayır şəhərdə yaşayan Şəmiyevlər ailəsi ilə görüşü də yaddaqalan olub. 4 övlad böyütmüş, böyük oğullarının 48 yaşı olan Şəmiyevlər əsas çətinliklərinin yaşayış sahəsinin azlığı ilə bağlı olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, artıq ailə böyüyüb, bir evdən daha dörd ev çıxıb, sakinlər artıb, yaşayış sahəsi isə azalıb. Görüşlə bağlı fikirlərini bölüşən Elnur Allahverdiyev Feysbuk sosial şəbəkəsində bu məsələyə öz münasibətini ortaya qoyub: “Amma Şəmiyevlərin ürəyi zərrə qədər də kiçilməyib. Qəlbləri geniş, evlərinin qapısı qonaq üçün açıqdır. Səmimi söhbətə və qonaqpərvərliyə görə təşəkkür edirik! Yeni, geniş mənzillərinizdə görüşmək ümidi ilə...”.

“Bu gün Əbdül dayının evində olduq, güzəranı ilə maraqlandıq, qayğılarını dinlədik”.

Bu isə Elnur Allahverdiyevin daha bir görüşü barədə fikirləridir. Bu dəfə də namizəd ailənin qayğıları ilə maraqlanmasıyla daim seçicisinin yanında olduğunu sübuta yetirib. Namizədi fərqləndirən xüsusiyyətlərdən biri də öz komandasına dəyər verməsidir. Xüsusən də yaşlı nəslə göstərdiyi qayğı onun yerli sakinlər arasında nüfuzuna müsbət təsir edir. Bu mənada Elnur Allahverdiyevin daha bir paylaşımı maraqlıdır: “Bu gün komandamızın ağsaqqalı Hacı Miretibarın ad gününü qeyd etdik. Neçə yaşı oldu? Bu, böyük sirdir. Birincisi ona görə ki, o, ağsaqqal olsa da, hamıdan cəld, bacarıqlı və iti düşüncəlidir. İkincisi isə hələ çox seçkidə bizə dəyərli məsləhətlərini verəcək. 100 yaşa, Hacı!”

“Mahirə xanım ən fəal seçicilərimizdən biridir. Təşviqat kampaniyamızı yaxından izləməyə başladığı andan sosial şəbəkələrdə bizi aktiv şəkildə müdafiə edir. Qərargahımızın işi ilə tanış olmaq üçün bizə qonaq gəlmişdi. Tanış olduq. Əminliklə deyə bilərik ki, xalqımızın gələcəyi belə fəal və savadlı gənclərin əlindədir”.

 Bu isə seçicilərin namizədlə rahat ünsiyyət yaratmasına növbəti nümunədir. Məhz yerli sakinlərlə sıx ünsiyyətin nəticəsidir ki, seçicilər namizədin seçki qərargahı ilə rahat əlaqə yarada, gəlib ürək sözlərini söyləyə bilirlər. Elnur Allahverdiyev deputat seçiləcəyi təqdirdə seçiciləri ilə sıx ünsiyyəti davam etdirmək və daim onların yanında olmaq əzmindədir.