- Sizi Ümid Partiyası Gənclər şöbəsinin sədri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edirəm. Yeni təyinatdan sonra şöbənizin fəaliyyətini hansı istiqamətdə qurursunuz və hansı planlar üzərində işləyirsiniz?
- Çox qısa bir müddətdir ki, mən Ümid Partiyası Gənclər şöbəsinə rəhbər təyin edilmişəm. Bu müddətdə artıq müəyyən planlar hazırlamışıq və onları həyata keçirməsi üzərində işləyirik. Çox yaxın zamanda icra işlərinə başlayacağıq. Planlarda əsasən gənclərin maarfləndirilməsi prioritet götürülmüşdür. Bundan əlavə bildiyimiz kimi ölkəmizdə gənclərin hərtərəfli inkişafına mane olan bir sıra amillər də mövcuddur. Məqsədimiz mövcud olan problemləri ortadan qaldırmaq üçün tam savadlı, müasir, sağlam, öz fikirlərini ifadə etməkdən çəkinməyən bir gəncliyin yetişməsidir. Bu sahə artıq proqram da hazırlamışıq. Proqramla bağlı əvvəlcədən ətraflı məlumat vermək istəmirəm. Düşünürəm ki, proqramların və planların icrasına başlandıqda bütün suallara cavab tapılacaq. Bir daha qeyd etmək istəyirəm ki, məqsədimiz sadəcə ölkəmizin gələcəyi olan gənclərin maarifləndirilməsində yaxından iştirak etmək, onların Azərbaycanın demokratikləşməsində iştirakını təmin etməkdir.
- Siyasi fəaliyyətinizi davam etdirmək üçün Ümid Partiyasını seçmisiniz. Bunu səbəblərini açıqlaya bilərmisiniz?
- Mən çox gənc yaşlarımdan siyasətlə maraqlanırdım. Buna görə də baş verən siyasi prosesləri və siyasi liderlərin hadisələrə münasibətini, açıqlamalarını daima izləyirdim. Ölkədə aktiv siyasi fəaliyyətdə göstərən partiyaların hər biri özünə məxsus siyasi xətt yürüdür. Təbii ki, onların çoxunun apardığı siyasi kurs mahiyyətcə oxşardır. Ümid Partiyası isə Azərbaycan siyasətinə yeni və digərlərindən fərqli bir yanaşma gətirib. Məhz bu məndə Ümid Partiyasına qarşı rəğbət hissini oyatdı. Partiyanın sədri İqbal Ağazadə ilə bağlı da məlumatlarım var idi, Onun parlamentdəki çıxışlarına qulaq asmışdım, müxtəlif mövzularda olan məqalələrini oxumuşdum. İqbal bəyin gənclik haqda olan fikirləri və proqramı mənim bu partiyaya üzv olmağıma səbəb oldu. İqbal Ağazadə ilə görüşdükdən sonra isə bir daha əmin oldum ki, seçimimdə yanılmamışam. Gənclər şöbəsinə müdir təyin olunmağım isə Partiya tərəfindən mənə göstərilən böyük bir etimaddır. Əlbəttə, mən çalışıram və çalışacağam ki bu etimadı doğruldam.
- “Dil Mərkəzi’’ yaratmısınız. Belə bir mərkəzin yaranmasına siyasi partiyalar arasında ilk dəfə rast gəlinir. Mərkəzin yaranmasında məqsədiniz nədir?
- Bəli “Dil Mərkəzi”ni yaratmağımız siyasi partiyalar arasında bir ilk oldu. Mərkəzi yaradarkən partiya sədrin və partiyadaşlarımın böyük dəstəyini gördüm. Bu isə bizi işləməyimiz üçün daha da həvəsləndirdi. Yaratdığımız “Dil Mərkəzi”ndə əvvəlcə ingilis dili dərsləri tədris ediləcək. Lakin gələcəkdə digər beynəlxalq dillərin də tədrisinə start verəcəyik. Mərkəzimizdə dərslər tam təmənnasız keçiriləcək. Burda isə əsas məqsədimiz gənclərin bu gün qloballaşan dünyadan geri qalmamasıdır. Mümkün olduğu qədər onların hərtərəfli maarifləndirilməsinə çalışacağıq. Bizim gələcəklə bağlı ideyalarımız böyükdür. Qonşu respublikalar və digər Avropa ölkələrinin gənclər təşkilatları ilə də əlaqələri genişləndirməyi nəzərdə tuturuq. Bir sıra beynəlxalq tədbirlərdə Azərbaycan gəncliyinin də iştirakı çox vacibdir. Bunun üçün biz partiyadaxili ingilis dili (və gələcəkdə də digər beynəlxalq statuslu dillərinin) tədrisinə başladıq. Düşünürəm ki, bu həm ölkəmiz, həm də cəmiyyətimizin inkişafı, dünyaya inteqrasiyası baxımından da çox əhəmiyyətli olacaq. Azərbaycan gənclərinin səsinin yüksək beynəlxalq tribunalardan eşidilməsi gələcəkdə bizim hər birimiz üçün qürur hissi oyadacaq.
- Bir gənc kimi deyə bilərmisiniz bu gün Azərbaycan gəncliyi əsasən hansı problemlərlə üzləşir?
-Gənclik təkcə bir ölkənin gələcəyi deyil, həmçinin onun dəyişmə potensialını və dinamikliyini saxlayan ən böyük sərvətidir. Azərbaycan cəmiyyətinin bu gün bəlkə daha çox dəyişməyə ehtiyacı var. Bu ehtiyacı saxlayacaq güc isə gənclikdir. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan gəncliyi bu gün nəinki cəmiyyətimizi, heç öz həyat şəraitini dəyişməyə gücü olmayan vəziyyətə gətirilib. Biz Azərbaycan gəncliyinin vəziyyətini dəyişməliyik ki, onlar da ölkənin sabahına sahib çıxa bilsinlər. Qorxudulmuş, seçim imkanından məhrum edilmiş, iqtidar siyasətinin dəstəkləyicisinə çevrilmiş, güvənilməyən Azərbaycan gəncliyini müstəqil qərar verən, ictimai nəzarət həyata keçirən, dünya yeniliklərindən xəbərdar olan, onu ölkəsinə daşıya bilən, demokratikləşmənin təminatçısı olan bir gəncliyə çevirməliyik.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə 2013-cü ilin Prezident seçkisində gənclərlə bağlı mükəmməl bir proqramla çıxış etdi. Proqramda gəncliyimiz əhatə edən bütün sosial, maddi, mənəvi və digər problemlərə toxunmuş və onların həlli yollarını göstərilmişdir. Əgər Ümid Partiyasının ‘’Gənclər və İdman’’ proqramı həyata keçirilərsə gənclərin bütün problemləri öz həllini tapmış olar. Həmin proqramdan bəzi müddəaları bir daha gənclərin nəzərinə çatdırmaq yerinə düşər. Gənclərimizin Azərbaycanın idarə edilməsində iştirakı maksimum təmin edilməli, onların siyasi seçim etməsini və siyasi institutlarda iştirakına şərait yaradılmalıdır, İctimai institutlarda, vətəndaş cəmiyyətlərində gənclərin iştirakına təminat verilməli və həvəsləndirilməli, dövlət idarəçiliyi üzərində gənclərin ictimai nəzarəti həyata keçirməsinə yardım edilməlidir.
Gənclərin keyfiyyətli təhsil almaları üçün dövlət təhsil proqramı ardıcıl həyata keçirilməli, oxumaq və elm vərdişlərinin yaranmasına dövlət qayğısı həyata keçirilməlidir. Onların sağlam həyat tərzi keçirmələri, pis vərdişlərdən qorunması üçün xüsusi proqram işlənib hazırlanmalı, spirtli içkilər, uyuşdurucu maddələr, pornoqrafiyanın yayılmasına və reklamına xüsusi tənzimləyici qadağalar tətbiq olunmalı, gənclərin asudə vaxtının təşkili proqramlaşdırılmalıdır. Habelə, Gənclərin mənzillə təmin olunmasını təşkil etmək üçün xüsusi gənclər şəhərciklərinin salınması dövlət proqramı əsasında həyata keçirilməli, ayda cəmi 100 AZN ödəməklə mənzillər gənclərə əvəzsiz verilməli, bu siyasət ardıcıl, dönməz xarakter almalı, heç bir gənc yaşadığı bölgədən, regiondan asılı olmayaraq mənzil problemi ilə üzləşməməli, dövlət proqramı çərçivəsində bu məsələ öz həllini tapmalıdır.
Xaricdə təhsil alan gənclərə dövlət xüsusi proqram əsasında qayğı göstərməli, müvəffəqiyyətlə təhsil alan gənclərə xüsusi təqaüdlər ayrılmalı, onların ölkəyə qayıdıb xidmət göstərməsinə şərait yaratmalı, tələbələrin təhsil xərclərini, təqaüdlərini, yaşama minimumlarını öz üzərinə götürərək, keyfiyyətli və dünyəvi təhsilin Azərbaycana xidmətini təşkil edilməlidir.
Ali məktəblərə ən yüksək balla daxil olan gənclər (məs: 690-700 ) dövlət hesabına pulsuz mənzillə təmin edilərək həvəsləndirilməli, onların müəllimləri və valideynləri mükafatlandırılmalıdır.