Seçki bülletenlərinin paylanmasına start verildi

secki-bulletenlerinin-paylanmasina-start-verildi
Oxunma sayı: 740

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, MSK üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində açıq və şəffaf keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçıları olan müxtəlif subyektlərin prosesi yaxından izləmələrinə tam şərait yaradılıb. 

İlk gün - aprelin 2-də seçki bülletenlərinin Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, ölkəmizin xarici ölkələrdəki diplomatik nümayəndələriklərində, konsul idarələrində və üzən gəmilərdə Seçki Məcəlləsinin tələblərinə müvafiq qaydada yaradılmış seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 41 seçki dairəsinə, növbəti 2 gün ərzində isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur. 

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təmin olunan yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, martın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) ədəd bülleten çap olunub. Seçki Məcəlləsinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra, seçki gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.