Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Bülent Arınçın ölkədə may ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin zəlzələyə görə təxirə salınmalı olduğu barədə açıqlaması müzakirələrə səbəb olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Arınçın açıqlaması ölkədə seçkilərin təxirə salınması ilə bağlı müzakirələri genişləndirib.
Onun sözlərinə görə, Türkiyə Konstitusiyasının 78-ci maddəsinə əsasən, ölkədə yalnız müharibə halında seçkilər 1 il müddətinə təxirə salına bilər.
O, bununla da seçkilərin nə may, nə də iyun ayında keçirilməməsinə dair çağırış edib: “Bəlkə də, tariximizin ən acı fəlakətini yaşadığımız bu günlərdə ölkə öncə seçki stresindən qurtulmalıdır. Buna vətəndaşımızın da, bürokratiyanın da, siyasətin də ehtiyacı var”.
Arınçın açıqlaması ölkə müxalifətinin etirazına səbəb olub. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkədə yalnız müharibə dövründə seçkilərin təxirə salına biləcəyini vurğulayıb və “Müharibə olmadığına görə seçkilər ertələnə bilməz” deyib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) də siyasətçinin çağırışına münasibət bildirib. AKP-nin sədrinin müavini Əli İhsan Yavuzun sözlərinə görə, partiya seçki ilə bağlı hər hansı müzakirələr aparmır: “Biz hazırda insanları xilas etmək dərdindəyik. Bu ana qədər seçki ilə bağlı hər hansı bir məsələni toz zərrəsi qədər belə müzakirə etmədik. Bu barədə danışmağa utanarıq. Hamımız zəlzələ bölgəsindəyik. Bu fəlakətin ortasında bu barədə danışmaq həlak olanlara qarşı təhqirdir. Bunu danışanlar insanların fikrini yayındırmağa çalışır”.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-ü keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər