Seçkini boykot edənlərin ürəyindən keçənlər...

seckini-boykot-edenlerin-ureyinden-kecenler
Oxunma sayı: 2603

Bəli, Azərbaycanın qələbəli və qələbəlikli seçkisi artıq bitdi. Elə gözlənildiyi kimi də, çox böyük uğurlu nəticə ilə bitdi. Bizim üçün də, seçkidə səs verənlər üçün də, hətta səs vermək hüququ olmayıb, ancaq səs vermək istəyənlər üçün də uğurlu oldu. “Mən İlham Əliyevi regionun lideri olaraq görürəm. İmkanım olsaydı, mən də ona səs verərdim”, - deyən gürcü deputat Ramaz Nikolayşvili kimi.

Bu fikri eşidəndə bilirsinizmi ağlıma nə gəldi?! Bəlkə də, həm ölkə daxilində, həm də daha çox xaricində olub, ürəyində “kaş imkanım olaydı, mən də İlham Əliyevə səs verərdim”, deyən nə qədər insan var. Elə nəinki İlham Əliyevə səs verməyə, seçkidə belə iştirak etməyə icazə ala bilməyən Kərimlisindən, Həsənlisindən və Hacılısından tutmuş, onların bütün addımlarını izləyib lazım gələndə təqdir, lazım gələndə də təhqir edən xaricdəki bloqerciklərə qədər. Sizi əmin edirəm ki, hamısının ürəyindən bu fikir keçib. Sadəcə ən yumşaq şəkildə desək, etdikləri yanlışlarla və göstərdikləri “xidmət”lərlə o qədər Azərbaycandan və azərbaycançılqdan uzaqlaşıblar ki, artıq istəsələr belə qayıda bilmirlər.

Vətən müharibəsindən sonra Ermənistan cəmiyyətində İlham Əliyev kimi liderlərinin olmasını arzulayan nə qədər erməni gördük. Yəni, İlham Əliyevə təkcə Azərbaycan seçicisi deyil, demokratiya ilə bağlı bizə nümunə gətirilən Gürcüstanın və Ermənsitanın seçiciləri də səs vermək və onu de-fakto olduğu kimi, de-yure də Cənubi Qafqazın lideri kimi görmək istəyirlər.

İlham Əliyev isə həmişə olduğu kimi, bu seçkidə də, ən son anda belə hamını, xüsusilə də antiAzərbaycan qüvvələrini mat qoymuş oldu. Bütün çıxışlarını “bəs Xankəndi hanı, Xocalı hanı” kimi fikirləri ilə başlayan və bitirən “azərbaycanlı”lara, Qarabağı Ermənistanın ürəyi adlandıran Makronlara Prezident olaraq Qarabağın bütün guşələrində seçki məntəqələri qurmaqla, seçici olaraq isə ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməklə! Bu addım təkcə Xankəndidə səs vermək deyildi! Bu addım həm özünün, həm ailəsinin gələcək taleyini, siyasi müqəddəratını və bundan sonrakı Prezidentliyini Xankəndiyə və Qarabağa bağlamaq mesajı idi. Gəncə xanı Cavad xanın həyatını və taleyini Gəncəyə bağladığı kimi. Bu addım həm də möhtəşəm seçki bitdi, ancaq onun daha möhtəşəm olacaq nəticələri hələ qabaqdadır mesajı oldu!

Bu seçkilərdə İlham Əliyev əslində Azərbaycan Prezidenti deyil, regionun lideri seçilmiş oldu. Özünün də ölkə mətbuatına verdiyi ən son geniş müsahibəsində bu seçkiləri bir dövrün və epoxanın sonu, yenisinin başlanması kimi dəyərləndirdi. Bəli bu, bir son idi. Özü də çox möhtəşəm son, ancaq ondan da möhtəşəm olan yeni bir dövrün başlanğıcı. Təkcə ölkə daxili üçün deyil, ümumilikdə region üçün.

Biz bizə qarşı olan, qələbəmizə xor baxan və bizi kiçik görən qüvvələrə “Azərbaycan 90-cı illərin Azərbaycanı deyil” mesajını verirdik. İndi o mesaj da əvvəllki mərhələdə qaldı, artıq bizim onlara yeni mesajımız var: Azərbaycan heç 2000-ci illərin Azərbaycanı da deyil. Daha güclü, daha nüfuzlu və daha kəsərli bir Azərbaycan var qarşınızda və bu Azərbaycanın da daxil olduğu Cənubi Qafqazın yeni liderinin seçki prosesi Qarabağdan, Xankəndidən başlayıb. Bu lideri qəbul edən bütün dünya Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin tam təmin olunmasını qəbul etmiş olur.

Azərbaycan daxilində olanlar üçün də Azərbaycan əvvəlki kimi olmayacaq, onlar da anlamalıdırlar ki, bir dövrün bitməsi və yeni dövrün gəlməsi mesajı həm də onlara aiddir. Çünki İlham Əliyev regionun yeni reallıqlarının inşası prosesinin təməlini bir neçə ildir ki, ölkə daxilindəki yeni siyasi konfiqurasiyanı uğurla formalaşdırmaqla qoyub. Ona görə də, bütün məmurlar, dövlətə və dövlətçiliyə sadiq olanlar da, bunda tərəddüd edənlər də, İlham Əliyevin prezidentliyindən öncə vəzifəyə təyin olunub hələ də vəzifədə olanlar da, ən son işə başlayanlar da anlamalıdırlar və fərqinə varmalıdırlar ki, onların ən ümdə vəzifəsi artıq qalib xalqa və qalib dövlətə xidmət etməkdir. Çünki bu xalqın ona haqqı var.

Azərbaycan xalqı həmişə olduğu kimi, 7 fevralda da ona aid olanı qorumaq üçün canını sipər etdi və istəyinə nail oldu. İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında, ondan sonra baş verən hər təxribatda həm döyüş, həm siyasi və diplomatik, həm də informasiya meydanında bizə aid olanı qorumaq üçün ətdən divar hördüyümüz kimi, seçki meydanında da səslərimizi, seçkimizi və onun nəticələrini canımızla və qanımızla qorumağa hazır olduğumuzu bütün dünyaya çatdırmış olduq. Bir də, bizə dərs demək istədikləri biliklərdən sinifdə qalanlara mesaj verdik ki, bizim üçün sizin dediyiniz şəkildə deyil, əsl demokratiya, insan hüquq və azadlıqları və digər dəyərlər ülvidir və vacibdir, ancaq Ana, torpaq və vətən hər şeydən dəyərli və müqəddəsdir! Zəfər seçkilərin və seçki Zəfərin mübarək Azərbaycan!

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov