“Seçkiyə qatılmağımızı hakimiyyətlə iş birliyi kimi qiymətləndirmək vicdanlı davranış deyil”

seckiye-qatilmagimizi-hakimiyyetle-is-birliyi-kimi-qiymetlendirmek-vicdanli-davranis-deyil
Oxunma sayı: 3200

“Əgər qərarını elan edirsənsə, digər qərarlara da sayğı ilə yanaşmırsansa, bu peşəkarlıqdan və səmimiyyətdən uzaqdır”. 

“Qafqazinfo”nun məlumatına görə, bunu Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı feysbuk hesabında yazıb.

O qeyd edib ki, hər bir partiya öz siyasətini özü müəyyən edir:

“Müsavat Partiyası seçkidə iştirak etməyənlərin (iştirak etməyənlərin bunu boykot adlandırması siyasi və hüquqi mənada savadlı görünmür) qərarlarına hörmətlə yanaşdığını bildirib. Onların da səbəblərini tutarlı hesab etməklə yanaşı seçkidə iştiraka üstünlük verdiyini göstərib. Siyasi etika da bunu tələb edir ki, hər bir partiya öz siyasətini özü müəyyən edir. İtirsə də, qazansa da xalq və üzvləri qarşısında məsuliyyət özünündür. Kim düz edir, kim səhv ediri seçici və cəmiyyət qiymətləndirəcək. Biri birini təftiş etmək nə cəmiyyətə nə də kimsəyə fayda verməz”.

S. Soltanlı bildirib ki, seçkiyə qatılmaq hakimiyyətlə iş birliyi kimi qiymətləndirmək vicdanlı davranış deyil: 

“Tam əksinə, hansı qərar verdiyini xalqla müzakirə etmək, cəmiyyətin maraqları ilə partiya maraqlarını uzlaşdırmağa çalışmaq o qədər normal işdir ki, burada heç bir əlavə müdafiə nitqinə ehtiyac yoxdur. Sadəcə ortada şəffaf olan qərarımıza çamur atanlar məcbur edir ki, özləri haqqında da haqlı sualları eşitsinlər.
Keçmişdə olanları qabartmağa ehtiyac yoxdur. Aylardır davam edən məhkəmə prosesini latent aparmaq, bu proses haqda cəmiyyəti zamanında ümumiyyətlə məlumatlandırmamaq, məhkəmənin qərarından sonra bu haqda xəbəri paylaşmaq hansı niyyətlə edilib? Desəniz ki, bu bizim qərarımızdır, biz əlbəttə hörmətlə yanaşarıq. 

Bununla bərabər, özünüz kimi qərəzli olanlar çıxıb deməz ki, avtomobilinizin arxasınca 2 km eyni maşın gələndə belə bunu özünüzə qarşı təzyiq kimi paylaşdığınız halda nədən partiyanızın həyatında ən mühüm prosesi son ana qədər hakimiyyətlə hansısa razılaşmanın olacağına ümid edib ictimaiyyətdən, xalqdan gizlətmisiz? 

Deyə bilərlərmi?  

Çox suallar var...”