Mərkəzin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, ölkə iqtisadiyyatının inkişafında yaxından iştirakı ilə seçilən iş adamları, sahibkarlar artıq neçə illərdir ki, burda sərbəst şəkildə öz bizneslərini qura biliblər: “Təsadüfi deyil ki, istər ölkə daxilindən, istərsə də yaxın, qonşu dövlətlərdən bura hər gün yüzlərlə alıcı gəlir. Ticarət mərkəzində satılan malların çeşid bolluğu, üstəlik topdan və pərakəndə satış qiymətlərinin alıcıların cibinə və zövqünə uyğun, müvafiq və sərfəli olması da Sədərək Ticarət Mərkəzinə diqqət və marağı hər gün artırır.
Valyuta kurslarında baş vermiş son dəyişikliklərin guya Sədərək Ticarət Mərkəzinə mənfi təsiri, mağazaların bağlanması, sahibkarların ticarət mərkəzini tərk etmələri barədə dərc olunmuş məlumatlar əsassızdır və bu tipli yazılar təkcə ölkə iqtisadiyyatının sabitliyini pozmağa, əhalini çaşdırmağa yönəlməyib, həm də ticarət mərkəzində fəaliyyət göstərən iş adamlarının, sahibkarların işgüzar imicinə xələl gətirməkdədir.
Qeyd edirik ki, hal - hazırda Sədərək Ticarət Mərkəzində ticarət əvvəlki axarında davam edir, heç bir mağaza bağlanmayıb, boşaldılmayıb. Sahibkarlar arasında heç bir narazılıq, gərginlik yoxdur. Son günlərin qarlı, şaxtalı havaları belə ticarət mərkəzində alış-verişə öz mənfi təsirini göstərməyib.
“Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar bütün alıcıları və şəhərimizin qonaqlarını əsassız şayiələrə məhəl qoymamağa çağırır və hər zaman xoş ünsiyyət gördükləri, əlverişli alış-veriş etdikləri məkanda daim onların yolunu gözləyir”.
Son xəbərlər
Son Xəbərlər