“Səfər Əbiyevin vaxtında oğlumu itirdim, hələ də şəhid statusu verilmir” - Yenilənib

sefer-ebiyevin-vaxtinda-oglumu-itirdim-hele-de-sehid-statusu-verilmir
Oxunma sayı: 4371

16 il öncə, müdafiə naziri vəzifəsini Səfər Əbiyev icra edərkən Qarabağ uğrunda döyüşlərdə şəhid olan Elçin Bayramovun ailəsi hələ də övladlarının şəhidlik statusunu əldə edə bilmir. 

Şəhidin atası, Biləsuvar rayon sakini Bayram Bayramov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, oğlu Elçin Bayramov 2005-ci ildə hərbi xidmətə gedib və Tərtər rayonu ərazisində xidmət edib: “2006-cı il martın 3-də Prezident İlham Əliyev həmin hərbi hissəyə baş çəkərkən yaxşı xidmətinə görə oğluma qol saatı hədiyyə etmişdi. Bundan bir müddət sonra ermənilər bizim səngərə hücum edib, düşmən geri oturdulub. Amma həmin döyüşdə oğlum çoxlu qan itirərək şəhid olub. Hadisədən sonra Prezident İlham Əliyev televiziya vasitəsilə çıxış edərək bir neçə gün öncə mükafatlandırdığı əsgərin şəhid olduğunu deyərək bizə başsağlığı verdi.

Lakin bu günə qədər Səfərbərlik Xidməti oğluma şəhidlik statusu üçün müvafiq sənədin verilməsindən imtina edir”.

B.Bayramov əlavə edib ki, övladı sabiq nazir Səfər Əbiyevin vaxtında həlak olub və ona şəhidlik statusunun verilməsi üçün Müdafiə Nazirliyinə də sorğu göndəriblər.

MN-dən rəsmi olaraq B.Bayramova cavab məktubu göndərilib. Məktubda qeyd edilib ki, onun oğlu Elçin Bayramov 2005-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Biləsuvar rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb: “2006-cı il martın 18-də hərbi hissənin döyüş mövqeyi tapşırığını yerinə yetirərkən saat 06:00 radələrində düşmən tərəfindən atılan güllə nəticəsində “Sağ budun dəlib keçən, sağ dirsəyin toxunub keçən güllə yaralanması” xəsarətlərindən hadisə yerində vəfat edib”.

E.Bayramovun xidmət etdiyi hərbi hissənin komandiri də bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Biləsuvar rayon şöbəsinə məlumat verildiyini bildirib. 

Hərbi ekspert Ədalət Verdiyev sözügedən ailənin övladına şəhidlik statusu ala bilməməsi məsələsiylə bağlı çıxış yolunu göstərib.

O, "Qafqazinfo" ya açıqlamasında bildirib ki, problemin yeganə həll yolu məhkəməyə müraciət etməkdir: "Nə üçün bu ailə 16 il müddətində məhkəməyə müraciət etməyib? Azərbaycanda bu cür hallar onlarladır. Ata sadəcə məhkəməyə müraciət edərək bildirəcək ki, oğlunu əsgərliyə sağ-salamat göndərib. Daha sonra Müdafiə Nazirliyindən aldığı məktubu göstərəcək. Bildirişdə vəfat etmə o zaman yazılır ki, əsgərin məsələn, ürəyi tutur və dünyasını dəyişir. Ancaq düşmən gülləsindən vəfat edirsə bu artıq şəhidlik hesab edilir. Əvvəlcə rayon, sonra şəhər məhkəmələrinə müraciət edirsən. Məhkəmələrin qətnamələrindən narazı olduğun halda Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmə hüququ yaranır. Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək çox da böyük vəsait tələb etmir. Ora getməyə də ehtiyac yoxdur, məhkəmələr hazırda online keçirilir. Tərcümə işlərinə də gərək qalmır. Bizim qanunlarımız Avropa qanunlarından üstün ola bilməz. Avropa qanunlarında yazılıb ki, xidmətdə olan zaman əsgər həlak olubsa, şəhid hesab edilir. Ata oğluyla bağlı olanları fakt kimi yerli məhkəmələrin qarşısında qaldırsın. Faktlar doğrudursa, o, məhkəməni mütləq qazanacaq. Bu məsələnin məhkəmədən başqa həll yolu yoxdur".

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətdən “Qafqazinfo”ya bildirilib ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər: “Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.

Belə ki, Müdafiə Nazirliyinin Hüquq idarəsinin 11.05.2015-ci il tarixli 11/2263 və Hərbi Prokurorluğunun 20.07.2018-ci il tarixli Hp 02/3150 nömrəli məktublarına əsasən, Bayramov Elçin Bayram oğlu 17.03.2006-cı il tarixdə aralarında baş vermiş mübahisə zamanı xidməti istifadəsində olan avtomat silahdan açdığı atəş nəticəsində əsgər Bəndəliyev Hüseyn Möhübbət oğlunun qarın və döş qəfəsi nahiyələrinə 4 dəfə atəş açaraq, onu qəsdən öldürüb.

Dərhal sonra həmin silahdan öz ağız boşluğuna bir dəfə atəş açaraq “Kəllə tağı və əsası sümüklərinin sınığı ilə müşayiət olunan başı bir ədəd dəlib keçən odlu silah - güllə yaralanması nəticəsində baş-beyin toxumasının əzilib-dağılması kimi həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarət” alması nəticəsində hadisə yerində ölüb.

Bayramov Elçin Bayram oğlunun “şəhid” hesab edilməsi faktının müəyyən edilməsi, həmçinin “şəhid” statusu verilməsi öhdəliyinin Xidmətin Biləsuvar rayon şöbəsinin üzərinə qoyulması ilə əlaqədar ailəsinin ərizəsinə və iddia tələbinə müvafiq olaraq Biləsuvar rayon və Şirvan İnzibati-İqtisadi Məhkəmələrində, eləcə də Şirvan Apelyasiya və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyalarında baxılıb, lakin ərizə və iddia tələbi təmin edilməyib.

Qeyd olunanları və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, mərhum Bayramov Elçin Bayram oğlunun “şəhid” hesab edilməsi və Xidmətin Biləsuvar rayon şöbəsi tərəfindən ailəsinə “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi mümkün deyil.

Eyniməzmunlu müraciəti ilə əlaqədar vətəndaş Nazduxanım Bağırovaya Xidmətin Aparatı tərəfindən dəfələrlə ətraflı məlumat verilib”.

Murad Əhməd