Səfər Mehdiyev İranın gömrük prezidenti ilə görüşdü

sefer-mehdiyev-iranin-gomruk-prezidenti-ile-gorusdu
Oxunma sayı: 2959

Azərbaycan və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib. Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, nümayəndə heyətləri İranın Culfa və Azərbaycanın Naxçıvan şəhərində bir araya gəliblər.

Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İranı isə Maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgəri və digər rəsmi şəxslər təmsil edib.

Öncə İran İslam Respublikasının Culfa şəhərində baş tutan görüşdə iki qonşu ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açılıb, Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.

 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan və İran arasında tarixi bağlılığa toxunaraq iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb.

Azərbaycan və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş daha sonra Azərbaycanın Naxçıvan şəhərində davam etdirilib.

Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində İran İslam Respublikası Maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgərinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.

Ali Məclisin sədri  Vasif Talıbov Azərbaycan-İran əlaqələrindən bəhs edərək son illər hər iki ölkə prezidentlərinin davamlı görüşdüklərini və bunun ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün zəmin yaratdığını diqqətə çatdırıb.

Görüşün sonunda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Gömrük İdarəsi arasında 2018-2019-cu illər üçün gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı” və Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüşün Protokolu imzalanıb.