Mayın 20-də Moskva şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin arasında görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüş Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutub.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən gömrük sahəsində qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Vladimir Bulavin Azərbaycan gömrük xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini, xüsusilə son aylar bu sahədə əldə edilən uğurları, eləcə də Kinoloji Mərkəzin fəaliyyətini yüksək dəyərləndirib.
Federal Gömrük Xidmətinin rəhbəri Rusiya - Azərbaycan sərhədində, Yaraq-Qazmalar buraxılış məntəqəsində sıxlıqların aradan qaldırılması üçün artıq yenidənqurma və yol infrastrukturunun təkmilləşdirilməsi işlərinin aparıldığını diqqətə çatdırıb.
Görüşdə gömrük nəzarəti nəticələrinin elektron formada qarşılıqlı tanınmasına dair Protokolun tətbiqi, Yaraq-Qazmalar və Samur buraxılış məntəqələrində mövsümi xarakterli növbələrin aradan qaldırılması, yenidənqurma işlərindən sonra Tahirkənd-Qazmalar və Xanoba buraxılış məntəqələrinin fəaliyyətinin sinxronlaşdırılması, yük axınının Yaraq-Qazmalar-Samur avtomobil buraxılış məntəqəsindən Dərbənd-Yalama dəmiryolu məntəqəsinə paylanması məsələlərinə baxılıb.
Tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə əməkdaşlıq, Ümumdünya Gömrük Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması barədə də müzakirələr aparıblar.


Son xəbərlər
Son Xəbərlər