Səfər Mehdiyev seminarda çıxış etdi

Səfər Mehdiyev seminarda çıxış etdi
Oxunma sayı: 1584

Mayın 17-də Ümumdünya Gömrük Təşkilatının Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” sahəsində təcrübə mübadiləsi mövzusunda seminarı başlayıb.

DGK-dan “Qafqazinfo”ya verilən məlumata görə, onlayn seminarın açılış mərasimində ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iştirak ediblər.

ÜGT-nin Baş katibi Kunio Mikuriya dünyada baş verən texnoloji yeniliklərin gömrük sistemində də geniş tətbiq edildiyini bildirib, “köklü dəyişmə yaradan texnologiyalar”ın gömrük işinin daha sürətli və daha asan şəkildə reallaşdırılmasında əhəmiyyətindən bəhs edib. 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev texnoloji inkişafın, rəqəmsallaşmanın sosial və iqtisadi sahədə yeni dövr yaratdığını, süni intellekt, robotlar, əşyaların interneti, nano və biotexnologiyaların həyatın bütün sferalarına siraət etdiyini diqqətə çatdırıb.

Səfər Mehdiyev son illər Azərbaycan gömrük xidmətinin beynəlxalq ticarət əməliyyatlarında gömrük rəsmiləşdirilməsinin risk qiymətləndirilməsi əsasında daha çevik və şəffaf həyata keçirilməsi, idxal-ixrac prosedurları üzrə gömrük nəzarəti formalarının daha da optimallaşdırılması, tranzit daşımaları zamanı sənədləşmənin sadələşdirilməsi, elektron ticarətə əlverişli şəraitin yaradılması və xidmət səviyyəsinin yüksəldilməsinə yönəlmiş bir sıra önəmli layihələri barədə də məlumat verib.

Qeyd olunub ki, “Yaşıl dəhliz” və “Smart customs” layihələri, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma, ÜGT-nin Yük Hədəfləmə Sisteminin Azərbaycan gömrük xidmətində tətbiqi ilə bağlı görülən işlər, beynəlxalq ticarət və tranzitin inkişafını dəstəkləyən bir sıra layihələr bu sahədə uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.

Seminar üç gün davam edəcək.

Tədbir zamanı müasir texnologiyaların, rəqəmsallaşmanın, süni intellektin gömrük sistemində tətbiqinə dair təqdimatlar keçiriləcək, “köklü dəyişmə yaradan texnologiyalar”, blokçeyn texnologiyalarına inamın gücləndirilməsi, gömrük və sərhəd idarəçiliyi tələblərinin digər sektorlarda mövcud qərarlarla qarşılaşdırılması və digər mövzularda fikir mübadiləsi aparılacaq.