“Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək tədbirlərinə başlanılıb - Fotolar

seherden-kende-layihesi-cercivesinde-destek-tedbirlerine-baslanilib
Oxunma sayı: 1701

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirlərinə başlanılıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, ilk dəstək İsmayıllı rayonunun Təzəkənd kəndində fermer Ramtiq Alızadənin “Lakeside Garden” təsərrüfatına göstərilib. Görülmüş işlərlə tanış olmaq məqsədilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər.

“Lakeside Garden” təsərrüfatı aqroturizm fəaliyyətinə “Şəhərdən Kəndə” layihəsinə qoşulduqdan sonra başlayıb. Layihə çərçivəsində təsərrüfat sahibi aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Yay sezonu olduğu üçün hazırda təsərrüfatı bir ay ərzində 250-300 turist ziyarət edir.

“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (söhbətgah, sanitar qovşaq tikintisi) aparılıb. Təsərrüfatın girişi və hərəkət hissəsi abadlaşdırılıb, ərazinin işıqlandırılması yaxşılaşdırılıb.