Şəhid ad günlərində kəsilən tortlar...

sehid-ad-gunlerinde-kesilen-tortlar
Oxunma sayı: 5455

Siz də rastlaşırsız və əminəm ki, həmin görüntülər sizi də incidir - şəhid anası məzar üstündə... Qarşısında şəhid balasının şəkli, adı olan tort... Tort kəsilir, hətta bəzən tortdan bir tikə şəhid anasına da verirlər...

Bəzən də şəhidin yaşı qədər şam yandırılır, şəhid anasına təqdim olunur. O da gözlərindən sel-su axa-axa şamları üfürür...

Rastlaşmısız və əminəm ki, sizin içiniz buza dönüb.

Hamımızı incidirsə, bu mərasim kimlərə sərf edir?

Axı bu mədəniyyət bizə aid deyil!

Biz nə vaxt ölülərimizi tortla yad etmişik, nə vaxt onların xatirələrini şirniyyatların üzərinə yazmışıq ki, bunu şəhidlər üçün də edək?

Tort mədəniyyəti Qərb şadyanalığının simvollarındandır. Bizim şənlik məclislərimizə də elə Qərbdən ayaq açıb. Ancaq heç onlarda belə yasda tort görünmür. Onlar belə ölülərini tortla xatırlamır.

Bəs Azərbaycanda bu yad “kultu” kim və niyə yaratmaq istəyir? Həm də şəhid adı üzərindən!

Niyə dərdi ağ birçəyindən aşan şəhid anasına belə təkliflər olunur?

Şəhid anası balasının ruhu şad olması naminə hər şeyindən keçər, o da qaldı şirniyyat...

Şəhid ailələri aralarında olmayan, düyünlənib boğazlarında qalan balalarının ruhunun şad olması üçün xırda səbəb gəzirlər, onları başa düşmək çətin deyil. Bəs bu dəbi kim yaradır? Bu işin təşkilatçıları kimlərdir? 

Onlar həmin səhnəyə baxanda, çarəsiz şəhid analarının ovcunda zəqquma dönən o şirniyyatları görəndə heçmi vicdan əzabı çəkmirlər? Daim şənlik, toy günlərində üzə çıxan kremli şirniyyatların özü ilə gətirdiyi pozitiv əhval üzünü qara mərmərə sürtüb göynəyən ananın əhvalının bər-bəzək yanında nalayiq qalır. 

Ağrılı olsa da, yas mərasimləri də artıq bir industriyaya çevrilib. Bu tip ağı tədbirlərindən minlər, milyonlar qazananlar var. 

Yazını yazmadan əvvəl məsələ ilə dərindən maraqlandım və mənə bəlli oldu ki, şəhid doğum günlərinə tort sifarişi qəbul edən, sifarişi çeşidləndirən, yeni təqdimatlar edən xüsusi adamlar, dükanlar var. 

Əmin olun ki, bu narahatedici kultu yaratmaq istəyənlər də məhz həmin adamlardır. Ona da əmin olun ki, ilk belə tortun hazırlanmasında, onun çəkilib sosial şəbəkəyə qoyulmasında da həmin şəxslərin əli var. 

Sanki kimlərsə bilərəkdən, məhrəm, ruhani, mənəvi dəyərlərin beləcə bayağılaşıb puç olmasında, başqa bir sima qazanmasında maraqlıdır.

Gəlin bu yersiz bər-bəzəyə son qoyaq. Bu bayağı rəngarənglik şəhid anasının ağ saçları, qara paltarı qarşısında çox mənasız görünür.

Sərdar Amin