Şəhid ailələrinə verilən müavinət təqaüdlə əvəzlənir

sehid-ailelerine-verilen-muavinet-teqaudle-evezlenir
Oxunma sayı: 2161

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlara dəyişiklik edilir. 

“Qafqazinfo” xəbər verir ki, bu məsələ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, mənzil, kommunal xidmətlərindən, telefon (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqının ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məbləğdə verilən müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə əvəzlənir.

Qanuna dəyişiklik “Sosial müavinətlər haqqında” qanuna və 2020-ci il 30 dekabr tarixli Prezidentin fərmanına əsasən, hazırlanıb. Həmin qanunvericilik aktlarına əsasən, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə birləşdirilmiş və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb. Həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsinin 5-ci maddəsinin 6-cı hissəsi də ləğv edilir. Belə ki, ləğv edilən hissədə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilirdi. Hər iki layihəyə təklif edilən dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

Günel Türksoy