Şəhid ailəsinə verilən qoyunlar xəstə olub? - Açıqlama

sehid-ailesine-verilen-qoyunlar-xeste-olub
Oxunma sayı: 2737

Sosial şəbəkələrdə Biləsuvar rayonundan olan şəhid ailəsi Süleyman Mahmudova rayonun Məşğulluq İdarəsi tərəfindən verilmiş qoyunların 3 gün ərzində xəstələnməsi barədə məlumat yayılıb. Bildirilir, bu müddətdə heyvanlardan biri tələf olub, qalanlarının da vəziyyəti yaxşı deyil.

Məsələyə Dövlət Məşğulluq Agentliyi tərəfindən reaksiya verilib. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Biləsuvar rayon sakini Süleyman Mahmudova Dövlət Məşğulluq Agentliyi tərəfindən xəstə heyvanlar verilməsi ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan iddia həqiqəti əks etdirmir. Belə ki, vətəndaş bir müddət əvvəl öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və postmüharibə tədbirləri çərçivəsində növbədənkənar şəkildə 20 qoyun, 1 qoç və 400 kq yem ilə təmin olunub. S.Mahmudova aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim aktı tərtib edilib, vətəndaşla məşğulluq mərkəzi arasında müqavilə imzalanıb. Vətəndaşa heyvanlar təqdim edilən zaman tam sağlam və təsərrüfat artımına yararlı olub. Üstəlik Süleyman Mahmudov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını bildirib. Bunu təqdim edilən videoda da əyani görmək olar.

Onu da qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən Süleyman Mahmudovun həyat yoldaşı Dürdanə Əliyevanın da məşğulluğu təmin edilib. Belə ki, D.Əliyeva 2020-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb edilib və hazırda çalışır.