Şəhid və həlak olan mülki şəxslərin kreditləri silindi

sehid-ve-helak-olan-mulki-sexslerin-kreditleri-silindi
Oxunma sayı: 6969

Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yeni qərarlar qəbul edib.

"Qafqazinfo" həmin qərarları təqdim edir:

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

- Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

İctimaiyyətə məlum olduğu kimi ölkəmizdə hərbi vəziyyətin elan edildiyini nəzərə alaraq, cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış şəxslər haqqında və digər əlaqədar məlumatlar məxfi xarakter daşıyır. Bu barədə bankların da məlumatı olmur. Bu səbəbdən, banklar tərəfindən müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır.

Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir.

Qələbə bizimlədir!