Şəhid və qazi lövhələri...

sehid-ve-qazi-lovheleri
Oxunma sayı: 6387

Rayonlarımızın girişlərində yolboyu asılan şəhid lövhələri, o lövhələrdən boylanan gənc dostlarımızı hamımız görürük... Hərəsi bir dünyaya açılan pəncərə. Dur qarşısında, bir ömür bax, üfüqü görə bilməzsən.

Binamızın düz yanında Protez - Ortopedik Mərkəz var, qarşısında da yolqırağı kiçik park, skamyalar, işıq dirəkləri...

Bilmirəm, həftənin hansı günləridir, amma bəzi günlər həmin skamyalarda haralarınısa itirən qazilər oturub növbə gözləyir. Qəhvəyi, mavi geyinmiş bu gənclərin çoxunun ayaqları yoxdur və mən hər dəfə onların qabağından keçəndə addımlarımın ahəngi pozulur, əllərimi qoymağa yer tapmıram. Bilmirəm, hara baxım. 

Quşlar oxuyur, hava gözəl, uşaq səsləri... Onların da gödək ayaqlarının başı qəhvəyi, sarı parçalarla bağlı...

Çiskinli bir payız axşamı, daha doğrusu gecə saat 10 olar... Həmin mərkəzin qabağından keçirəm və özüyeriyən arabada gənc bir qazi sürətlə darvazaya doğru gəlir.. 

Qara kəhraba kimi saçları çiskindən islanıb. Külək ağır saçlarını geniş alnından sıyırır, gənc qazi də gözlərini qıyır. Qəhvəyi xəstə xalatının ətəkləri şiddətlə yellənirdi. 

Hövlnak gəlişindən hiss olunur ki, ya xəstəxanada ona baxan əzizindən, ya tibb bacılarının gözündən yayınıb harasa gedir. Çox güman dükana...

Qabağına qaçıram:

- Qardaş, nəsə lazımdırsa, kömək eləyim!

Üzümə elə baxır, elə baxır... Yanaqları qıpqırmızı. Çox sevincəkdi. Elə sevincək də deyir:

- Yox, narahat olma. Arabanı təzə götürmüşəm, ləzzət eləyir. 

Bunu deyib arxaya baxa-baxa sürür. Gülümsəmək istəyirəm.  Bəbəklərim göynəyir.

Sonra arabanı həvəslə sağa-sola fırlayır, qara rezin təkərlərdən qorucuya sıçrayan suya baxır, başını dik tutub sürətlə gedir. Soyuq şəhər işıqlarına qarışan arabalı siluetinə baxıb hönkürürəm. Dalınca da beş-altı it qaçışır...

***

Jurnalist işlədiyim regionun şəhidlərinin çoxunu tanıyırdım. Mən həmin illərdə anladım ki, insan təkcə çalışqanlıq, istedad, bacarıq, vergiylə böyümür; bir anlıq sarsıntı da adamı ucadan uca edə bilir. 

Həmin gün Şabranda şəhid dəfnindən reportaj hazırlayırdıq. Reportajda ən çətin məqam: şəhid atasını danışdırmaq. Yaxınlaşıram. Arıq, çəlimsiz, axırıncı bəd xəbərdən sonra kələyi kəsilmiş bir dayı. Bəlkə də bu günə qədər ona heç vaxt mikrofon uzadan olmayıb. Danışacağına ümidim yoxdur. Ümumiyyətlə, istəmirəm onu incidim, ancaq peşəm bunu tələb edir.

Mikrofonu uzadan kimi təmkinlə mənə baxdı. Bir neçə saniyə susandan sonra dəfnə yığılan adamları göstərdi:

- Toyunu eləsəydim, bu qədər adam gəlməyəcəkdi.

İlahi... 

Bu üz-gözünü saqqal basmış dayının qulağına bu cümləni kim pıçıldayıb?

***

Bir gənc heykəltəraş var idi, siz də xatırlayarsız, şəhid oldu. Anası müsahibəsində belə demişdi:

- “Sevdiyi qız var idi. Ancaq mənə göstərməmişdi. Bilmədim kimdir. Tanısaydım, indi gedib oturub bir az o qıza baxardım”.

Bunu şəhid heykəltəraşın anası deyirdi...

Bu ölkənin dövlət, bu torpaqların vətən olması üçün bütün real və əfsanəvi yollardan keçildi. Qanunlar yerinə yetirildi, sonra hekayətlər, pritçalar da həyata keçdi. Atalar sözlərinə qurban gedən oğullarımızdan başla, nağıllarımızı real edənlərinə qədər – hər şey oldu.

Ancaq yetər, daha ağrılar olmasın deyək. Kiminsə ağrısına acımaq, onun üçün göz yaşı tökmək savab ola bilər, ancaq o ağrının qabağını almaq, o səbəblərə qarşı gəlmək müqəddəs bir işdir. 

Elə edək ki, indi şəhidlərimizin lövhələri asıldığı dirəklərdən illər sonra onların 700 bal toplayan balalarının şəkilləri asılsın.

“Diqqət, mina!” xəbərdarlıqları “Yolda dələ ola bilər” lövhəsi ilə əvəzlənsin.

Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün.