“Şəhidin övladına ayrılan təqaüd düzgün hesablanmayıb”

sehidin-ovladina-ayrilan-teqaud-duzgun-hesablanmayib
Oxunma sayı: 5107

Vətən müharibəsində şəhid olan Ağalı Zaur Kamil oğlunun həyat yoldaşı Xuraman Rzazadə və 3 yaşlı övladı onlar üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilmir.

Bu iddia ilə “Qafqazinfo”ya X. Rzazadənin atası Elxan Rzayev müraciət edib. Şikayətçi bildirib ki, qızı övladını dolandırmaq üçün müxtəlif insanların evlərində günəmuzd işləməyə məcbur qalıb: “Hazırda qızım və oğlu mənim himayəmdədir. Amma mənim də o qədər imkanım yoxdur ki, ona kömək edim. Qızım camaatın evinə gedib nökərçilik edir ki, dolana bilsinlər. Şəhidin övladına atasının şəhid statusuna görə ayrılan təqaüd düzgün hesablanmayıb".

Şəhidin qayınatasının sözlərinə görə, hər ay onlar üçün ayrılan məbləğ fərqli olur: "Məsələn, bir ay 360 manat, o biri ay 323 manat verilir. Həmçinin ailə ünvanlı sosial yardım ala bilmir. Zaur ailəsini, körpə övladını qoyub getdi, Vətən uğrunda vuruşdu, şəhid oldu. Onun ailəsinə belə münasibət düzgündürmü?”

E. Rzayev bildirib ki, dəfələrlə aidiyyati orqanlara müraciət etsə də, məsələ həll edilməmiş qalıb. Yalnız müxtəlif ictimai təşkilatlar və könüllülər tərəfindən şəhid ailəsinə yardım olunub.

Problemlə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fonddan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki,  Vətən müharibəsində şəhid olan Ağali Zaur Kamil oğlunun övladına, eləcə də valideynlərinə sosial ödənişlərin təyinatı qanunverciliyə uyğun aparılıb və ödənişlərin həyata keçirilməsində də heç bir problem yoxdur: “Şəhidin 3 yaşlı övladı Ağali Ayxan Zaur oğluna 166.67 manat Prezident təqaüdü,  ailə başçısını itirməyə görə aylıq 80 manat sosial müavinət ödənilir. Rzazadə Xumar Elxan qızının şəhid Ağali Zaur Kamil oğlu ilə rəsmi nikahı olmadığına görə Prezident təqaüdü almaq hüququ yaranmır. Lakin ona 80 manat məbləğində 8 yaşına qədər uşağa qulluq etdiyi üçün ailə başçısını itirməyə görə  müavinət, eləcə də şəhidin ata-anasının hər birinə ayrı-ayrılıqda 166.67 manat məbləğində Prezident təqaüdünün ödənişi həyata keçirilir”. 

Fonddan həmçinin deyilib ki, Rzazadə Xumar Elxan qızının ünvanlı dövlət sosial yardımla bağlı müraciətinə verilən imtinaya gəlincə, buna səbəb ünvanlı sosial yardım üçün müraciət zamanı ərizə-bəyannamədə ailə üzvü Ağali Ayxan Zaur oğlunun təqaüd alan şəxs olması barədə məlumatı qeyd etməməsi, ona ödənilən aylıq sosial müavinətin məbləği 362 manat olduğu halda, ərizə-bəyannamədə bu məbləği 320 manat göstərməsi, Rzazadə Xumar Elxan qızının isə təqaüd alan şəxs olması barədə ərizə-bəyannamədə  qeyd etdiyi məlumatın öz təsdiqini tapmaması, adına rəsmləşdirilmiş telefon nömrəsinin bəyan edilməməsi olub.

Qeyd edək ki, şəhid Zaur Ağalı 1996-cı ildə Lənkəranın İstisu kəndində anadan olub. Ailənin yeganə övladı olan qəhrəmanımız Vətən müharibəsinə könüllü qoşulub və oktyabrın 22-də Qubadlı uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycanda şəhid ailələrinin bir neçə imtiyaz və sosial təminat hüququ var. Bunlardan biri şəhid ailəsinə verilən, 500 manat məbləğində Prezident təqaüdüdür. Digər imtiyazlarla bağlı bu linkə daxil olaraq tanış ola bilərsiz. 

Gülnar Əliyeva