Şəhidlə bağlı daha bir açıqlama

sehidle-bagli-daha-bir-aciqlama
Oxunma sayı: 2848

Dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində düşmənin snayper gülləsi ilə şəhid olan əsgər Orxan Paşazadə Naxçıvan Universitetinin məzunudur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə yayıb.

O bildirib ki, Orxan ötən il Naxçıvan universitetini ingilis dili müəllimliyi ixtisası üzrə bitirib. Orxanın atası Nazim Paşazadə də Cəlilabadın Cəfərxanlı kənd orta məktəbinin tarix müəllimidir. 

Şəhid Orxan Paşazadə bu gün Cəlilabadın Cəfərxanlı kəndində dəfn olunacaq.

Qeyd edək ki, dünən saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.