“Şəhidlər and yerimiz, qürur mənbəyimizdir” - Firdovsi Umudov

sehidler-and-yerimiz-qurur-menbeyimizdir
Oxunma sayı: 2835

“Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasından iki il ötür. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal altında olan torpaqlarımızdan qovulmuş soydaşlarımızın öz tarixi yerlərinə qaytarılması üçün son illər ərzində hərbi, siyasi, iqtisadi sahələrdə, diplomatik müstəvidə, informasiya arenasında yorulmadan apardığı mübarizə, qətiyyətli mövqeyi, müzəffər Silahlı Qüvvələrimizin şücaəti, qəhrəmanlığı, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi 44 günlük Vətən müharibəsində böyük Qələbəni təmin edib. Bu gün Silahlı Qüvvələrimizlə fəxr edir, qürur duyuruq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AzərTAc-a açıqlamasında Sərhədçi İdman Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, "Sərhədçi" Peşəkar İdman Klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən müharibəsi iştirakçısı Firdovsi Umudov bildirib.

O vurğulayıb ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Azərbaycan xalqı yenilməz ruh, güclü iradə nümayiş etdirərək heç vaxt işğalla barışmaq fikrində olmadığını göstərib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tarixi Zəfər, şanlı Qələbə ilə Ermənistana elə bir dərs verib ki, onlar bunu heç zaman unuda bilməyəcəklər. Ötən on illər ərzində işğalçı ölkənin “yenilməz” ordusu haqqında yaydığı şayiələr, formalaşdırdığı mif bir anda əriyib yox oldu. Otuz il ərzində qurulmuş istehkamlar, mühəndislik işlərinin aparılması, həm də bu bölgənin coğrafiyasının onlar üçün əlverişli olması belə düşmən ordusunu Azərbaycanın qəhrəman oğul və qızlarının qarşısında darmadağın olmaqdan xilas edə bilmədi. Vətən müharibəsi gənclərimizdə torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha göstərdi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi”.

F.Umudov müqəddəs torpaqlarımızın təcavüzkar Ermənistanın Silahlı Qüvvələrinin işğalından azad olunması uğrunda Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələrin tam səfərbər edildiyini, uzun müddət öncədən sistemli şəkildə düşünülmüş və həyata keçirilmiş yanaşmalar, o cümlədən DSX-nin çevik hərəkət qüvvələrinin formalaşdırılması və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsi, ən yüksək səviyyədə silahlar, döyüş sursatı və hərbi ləvazimatla təchizatlandırılması, real döyüş təcrübəsi əldə etmələrinə xüsusilə ciddi önəm verilməsi böyük Zəfərin əldə olunmasında Azərbaycan sərhədçilərinin uğurlu iştirakına zəmin yaratdığını bildirib.
DSX polkovniki bu gün Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsindən ötən iki il ərzində həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərindən daha güclü olduğunu, Ordumuzun inkişafı üçün atılan ciddi addımların davam etdiyini vurğulayıb.

Qeyd edib ki, sentyabrın 12-14-də Ermənistanın son təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısını qətiyyətlə alan Azərbaycan növbəti mühüm Qələbəyə, Zəfərə imza atdı. Ermənistanın uzun müddətdir revanşa hazırlaşdığını, bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaratdığını söyləyən Vətən müharibəsi iştirakçısı qeyd edib ki, dövlətimiz dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edərək belə cəhdlərin düşmən ölkənin özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Ermənistanın son təxribatına Azərbaycan Silahlı Qüvvələrinin cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə onun uzun müddətdir qurduğu planları alt-üst etdi. Xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarca postu məhv edilən Ermənistan növbəti dəfə elə sarsıdıcı zərbə aldı ki, hələ uzun müddət özünə gələ bilməyəcək.

Ölkəmizdə şəhid ailələrinin problemlərinin həlli, sosial müdafiəsinin təmin edilməsinə böyük önəm verilir. Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva daim öz fəaliyyətində şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, müharibə əlillərinin problemlərini diqqət mərkəzində saxlayıb. Şəhid ailələrinə və müharibə əlillərinə yüksək diqqət və qayğı, çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, cəmiyyətimiz tərəfindən təqdirəlayiq hal kimi dəyərləndirilir.

Vurğulanıb ki, bu gün xalqımız böyük iftixarla müqəddəs Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini yad edir. Şəhidlər and yerimiz, qürur mənbəyimizdir. Rəşadətli Azərbaycan Ordusu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimizin qanını yerdə qoymadı. Dövlətimiz mübariz oğul və qızlarının qəhrəmanlığını yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, torpaqlarımızın azadlığı uğrunda igidliklə vuruşmuş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, Vətən uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

İşğaldan azad olunmuş dövlət sərhədlərimizin mühafizə altına götürülməsi prosesinin uğurla davam etdirilməsi, dövlət sərhədinin etibarlı müdafiə və mühafizəsinin təmin edilməsi, bərpa olunmuş sərhədlərimizin keşiyində ayıq-sayıq dayanılması qarşıda duran əsas vəzifələrimizdir.