“Şəhidlər bulağı” tikənlərdən pul istənilib? - Açıqlama

sehidler-bulagi-tikenlerden-pul-istenilib
Oxunma sayı: 4950

“Öz halal pulumla “Şəhidlər bulağı” tikdirirdim, qoymadılar, sökdürdülər”.

Bu iddia ilə “Qafqazinfo”ya Masallı rayonunun Təzə Alvadı kənd sakini Ədalət Əliyev müraciət edib.

Vətəndaşın sözlərinə görə, daha əvvəl də kənddə "Şəhidlər bulağı" tikmək istəyən sakinlər olub. Tikinti işlərinin davam etdirilməsinə görə onlardan pul istənilib:

“Tikintini də sökürdülər. Bir az qabaqda da bulaq tikmək istəyənlər var. Onlara da deyiblər ki, “5000 manat ver, tikinti işlərini et”. Guya hansısa fond var. Pul həmin fonda gedir və tikinti etməyə icazə verilir. Qanuni yolla etmək istədiklərini deyəndə isə cavab gəlib ki, belə gec alınar. Ərizə yazsalar, gec cavab verilər". 

Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaşlar tərəfindən avqustun 1-də şifahi müraciət olunub:

“Onlara müvafiq qanunvericilik izah olunub, (lahiyənin çəkilməsi və digər sənədləşmə işlərinin aparılması) sonra yenidən müraciət etmələri tövsiyə edilib. Videonu çəkən vətəndaş kimsəyə məlumat vermədən, icazə almadan öz istəyi ilə tikili tikən zaman tikilinin qarşısı alındığı üçün tikintisini apardığı obyektin şəhidlər bulağı olduğunu qeyd edib.

Kimlərdənsə, nə vaxtsa pul tələb olunması iddiası isə əsassızdır. Yalnız tikinti dayandırıldıqdan sonra vətəndaşa müvafiq qanunvericilik izah olunub və müvafiq sənədləşmə işlərinin aparılması tövsiyə edilib”. 

Lamiyə Məmmədova

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.