Səhiyyə nazirindən imtahandan narazı həkimlərlə bağlı açıqlama

sehiyye-nazirinden-imtahandan-narazi-hekimlerle-bagli-aciqlama
Oxunma sayı: 1791

“Tibb işçilərinin sertifikasiyası ilə bağlı son vaxtlar Səhiyyə Nazirliyinə xeyli müraciət daxil olub. Biz bu şikayətləri araşdırmışıq və məlum olub ki, əsas şikayət iki ixtisas daşıyıcılarındandır. Bunlar radiologiya və stomatologiya ixtisaslarıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb. 

O qeyd edib ki, bu ixtisaslar çərçivəsində bir sıra alt ixtisaslar üzrə həkimlər fəaliyyət göstərirlər. Bu da tibb təhsilinin keçid dövrünü yaşadığı üçün baş verib: “Radiologiya sahəsində rentgenoloqlar, ultrasəs müayinəsi həkimləri var idi. İmtahan zamanı istifadə olunan sual toplusu əksər hallarda onların çalışdıqları alt ixtisaslar üzrə kifayət qədər kasad idi. Çox qısa müddətdə işçi qrup yaradıldı, yeni suallar toplusu yaradıldı, onların həcmi genişləndirildi. Artıq radiologiya ixtisasına imtahana girən mütəxəssislər hərəsi öz alt ixtisasına uyğun olaraq üstünlük təşkil edən biletlərlə cavab verirlər”.

Nazir qeyd edib ki, stomatologiyada da 10 alt ixtisas var. Eyni mexanizm burada da tətbiq olunur: “Ümidvaram ki, yaxın vaxtlarda bununla bağlı həkim məmnunluğuna nail olacağıq. Hazırda mövcud olan sertifikasiya imtahanının mükəmməlləşdirilməsinə ehtiyac var. Bununla bağlı müvafiq addımlar atılır. Tibb işçilərinin sertifikasiya mərkəzinin yeni formatda fəaliyyəti üçün müvafiq addımlar atılacaq”.

Gülnar Əliyeva