“Səhnədən səngərə: Qazilər” layihəsinə start verilir

“Səhnədən səngərə: Qazilər” layihəsinə start verilir
Oxunma sayı: 866

44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda sağlamlığını fəda edən, xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadan qazilərimiz hər bir azərbaycanlının qəlbində  taxt qurub. Qazilərimiz daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.

Tarixi zəfərlə başa çatan Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Onlardan on nəfər qazilik zirvəsinə ucalıb.

"Qafqazinfo" xəbər verir ki, adlarını Azərbaycanın tarixinə əbədi həkk etmiş bu igidlərin bütün ölkə ictimaiyyəti tərəfindən daha geniş tanınması məqsədilə Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: Qazilər” layihəsinə start verir.

Qeyd edək ki, layihə çərçivəsində qazi mədəniyyət işçilərimiz haqda videoçarxlar hazırlanacaq. Onların 44 günlük müharibə müddətində göstərdikləri şücaət, ailə üzvləri, doğmaları, döyüş yoldaşları ilə söhbət və müsahibələrdən ibarət olacaq hər bir videoçarxda qazilərimizin mədəniyyət sahəsində fəaliyyəti, qəhrəmanlığı əks etdiriləcək.