Səhnəmizin yeni primadonnası

sehnemizin-yeni-primadonnasi
Oxunma sayı: 759

Müğənninin mətbuat katibinin “Qafqazinfo”ya verdiyi məlumata görə, həmin axşam Azərbaycan vokalçısının nümayiş etdirdiyi belkanto - italyan opera müğənnilərinə xas olan gözəl oxu tərzinə valeh olduğunu gizlətməyən tələbkar maestro Fidan Hacıyevanın tələffüzünün əsl italyan şivəsi təsiri bağışlamasını qeyd edib. Tamaşadan dərhal sonra Canluka Martsiano Fidan Hacıyevaya iki yeni rol – Donisettinin “Favoritka” operasında Leonora və Motsartın “Hamı belə edir” operasında Dorabella rolunu hazırlamağı təklif edib. Maestro əmindir ki, Fidan dünyanın ən yaxşı opera səhnələrində bu rolların öhdəsindən gələ bilər.

Həmin axşam teatra gələn tamaşaçılar bu ölməz operanın beynəlmiləl ifasının necə yüksək səviyyədə səhnələşdirildiyini müşahidə ediblər: Dirijor pultu arxasında Canluka Martsiano dayanıb, Radames partiyasını Teymuraz Ququşvili, Aida partiyasını Çinarə Şirin ifa edib. Ramfis rolunda Əkrəm Poladov, Misir şahı rolunda Əli Əsgərov, Efiopiya çarı Amonasro rolunda Əvəz Abdullayev çıxış edib. Bütün aktyorlar yüksək sənət nümayiş etdiriblər. Bu musiqi bayramının quruluşçu rejissoru isə Bakı Musiqi Akademiyasının professoru, Fidan Hacıyevanın müəllimi, Azərbaycanın əməkdar artisti Hüseyn Əliyev olub.

Tanınmış opera tənqidçisi, opera teatrında bütün premyeraların daimi tamaşaçısı Arif Hüseynov bu opera və Fidan Hacıyevanın ifası ilə bağlı bunları deyib: “Fidan Hacıyeva çox gözəl çıxış etdi. Məni heyran edən bu idi ki, Fidan metso-sopranoya xas olmayan yüksək notları necə səsləndirirdi. O, əsl primadonnadır”.

Tamaşadan dərhal sonra Bakı Slavyan Universitetinin dosenti Xuraman Mursaliyeva təəssüratını bölüşərək “bu yaxınlarda mən elə bu səhnədə “Karmen” tamaşasına baxmışam. Fidan xanım həmin tamaşada çılğın ispan qadını rolunu çox gözəl ifa etdi. Sevindirici haldır ki, bu gün Misir şahının qızı Amneris rolunda çıxış edən Fidan eyni dərəcədə inandırıcı və parlaq təsir bağışladı” sözlərini deyib.

Nigar Məmmədli