Şəhriyar sonuncu oldu

sehriyar-sonuncu-oldu
Oxunma sayı: 1245

Şəhriyar Məmmədyarov “Grand Chess Tour”dakı çıxışını başa vurub.

“Qafqazinfo”nun məlumatına görə, “Grand Chess Tour”un Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş rapid və blits üzrə “Superbet” mərhələsində səkkizinci yeri tutan Şəhriyar 7500 dollar qazanıb.

Sözügedən turnirdə 2,5 xal toplayan şahmatçımız “Grand Chess Tour”da iştirak edən 12 qrossmeyster arasında sonuncu olub.

Belə ki, o, 22-26 noyabrda Hindistanın Kəlküttə şəhərində keçiriləcək “Tata Steel” mərhələsində iştirak etməyəcəyindən (qaydalara görə, hər şahmatçı “Grand Chess Tour”un yeddi mərhələsindən ikisini buraxır – S.M.), Şəhriyarın sonuncu olacağı və bu turnirdən qazandığı yekun məbləğ bəlli olub.

Fil Dişi Sahilindəki rapid və blits turnirini buraxmış Şəhriyar Xorvatiyanın paytaxtı Zaqrebdə 3, Parisdə 3 (rapid və blits), Seynt Luisdə 1 (rapid və blits), “Sinkfild Kuboku”nda 6,5 və “Superbet”də (rapid və blits) 2,5 xal qazanmaqla yarışı ümumilikdə 16 xalla başa vurub. Bununla da Şəhriyar dekabrın 2-də Londonda başlayacaq final mərhələsində iştirak edə bilməyəcək.

Sonuncu olan Şəhriyar Məmmədyarovun isə bu turnirdən qazancı 48750 dollar olacaq.