Ötən mövsümün sonunda Türkiyənin “Əskişəhərspor” klubuna transfer olunan, lakin karyerası alınmadığı üçün ordan ayrılıb yenidən “Qarabağ”a dönən makedoniyalı yarımmüdafiəçi Muarem Muaremin “Qafqazinfo”ya müsahibəsi:
- “Qarabağ”a döndüyünüz üçün sevinirsiz?
- Təbii ki, belə bir komandada yenidən oynayacağım üçün çox sevinirəm. Hər şey əla oldu. Düşünürəm ki, mənim dönüşüm həm komandam üçün, həm də mənim üçün uğurlu olar.
- Səni komandada necə qarşıladılar?
- Əla. Həmişə burda olmuşam kimi hiss etdim özümü. Bu isti münasibətə görə komanda yoldaşlarıma təşəkkür edirəm.
- Türkiyədə karyeranız niyə alınmadı?
- Əslində deyiləcək bir şey də yoxdur, ciddi səbəbi də yoxdur. Sadəcə insan bəzən səhvlərininin cəzasını çəkməli olur. Ən yaxşısı yoluna düz bildiyin yerdən davam etməlisən. Mən də gedərkən yaxşı olacağını düşünmüşdüm. Amma olmadı. Hər şeydə bir xeyir var deyib, özümü sübut etməyə çalışacam. Xeyirlisi mənim “Qarabağ”a dönməyim imiş.
- Siz getdikdən sonra “Əskişəhərspor”dakı baş məşqçi dəyişikliyi karyeranıza təsir etdi?
- Futbol hər yerdə eynidir. Amma baş məşqçi dəyişikliyi problem yaratdı. Tam o səbəbdən olmasa da, bunun da təsiri var idi.
- Yəqin ki, Türkiyənin “Mersin İdman Yurdu” klubunun Qara Qarayevi istəməsindən xəbəriniz var...
- Qara “Qarabağ” üçün önməli futbolçulardan biri. Deyə bilmərəm ki, niyə getmədi, niyə burda qaldı? Amma seçim onun. Əslində bir seçim də etməyib.
- Sizcə, o, qardaş ölkədə uğurlu karyera qura bilərdi?
- Bunun üçün onda potensial var. Amma seçim onundur.
- Siz getdiyiniz vaxt “Qarabağ”da bu qədər futbolçu bolluğu yox idi. İndi isə, xeyli sayda oyunçu var. Düşünmürsüz ki, əsas heyətdə özünə yer etmək çox çətin olacaq?
- Öz üzərimdə işləməklə hər şeyin öhdəsindən gələ biləcəyimi düşünürəm. Özümə güvənirəm və inanıram.
Elsevər
Son xəbərlər
Son Xəbərlər