Yay mövsümü açılan kimi xüsusən, açıq havada olan restoran, kafelər üçün bayram başlayır. Fikirləri, zikrləri bir hədəfdə olur. Necə edək ki, camaatı, müştərini aldadaq, artıq pul qoparaq. Həmin vaxt gözlərinə cibdən çıxacaq puldan başqa heç nə görünmür. Avropa, Avropa deyənlər hələ də istənilən xidmət sahəsində müştəri məmuniyyəti deyilən ifadədən xəbərsizdirlər. Kafeyə, restorana gələn insanın yediyi, içdiyi cəhənnəmə, nəticədə ciblər dolsun, bu gün xeyir götürdüyümüz məbləğ maraqlıdır. Kor-koranə, insafsız xidmətin mənbəyinin bir ucu həmin ərazini icarəyə verən işbaza gedib çıxır. Güya icarə haqqı vermək dərdi insanlara adam kimi xidmət göstərməyə mane olur. Nə isə.
Avropada HORECA adlı qurum var. Əminəm ki, indi durub bunu restoran, kafe rəhbərlərindən soruşsaq, gözlərini döyüb ağzıaçıq qalacaqlar. Təkrarlayıam, onlar üçün qazancdan başqa gözə heç nə görünmür. Məlumat üçün deyim ki, HORECA - hotel, restoran və kafe(cafe) sözlərinin ilk iki hərfinin birləşməsindən yaranan qurumdur. Onun missiyası Avropa ölkələrindəki mehmanxana, restoran və kafedə qida və içki standartlarını tənzimləməkdir. Bu o deməkdir ki, müştərinin fikirləri, məmuniyyəti hər şeydən əvvəl gəlir. Çünki biznesin əsasını bu məsələ təşkil edir. Ofisiantından tutmuş, xadiməçisinə kimi təhsillidir, yalnız müştəri üçün çalışır. Bizim belə quruma malik olmağımıza çox var. Var-yoxu kənara qoyaq, insanın bir də fərdi vicdanı olar. Günlərdir, çay söhbəti insanlarda çaşqınlıq yaradıb. Özü də çay –insanın gərginliyini alan, susuzluğunu yatıran içkimizdir. Çay –milli mətbəximizin, mədəniyyətimizin dəyəridir. Amma indi işbazlar bu içkini dəyərli yox, qiymətli içkiyə çeviriblər. Təəssüf doğuran odur ki, küçədə bir stəkan çay belə arzulamağa adam dilxor olur. Bu dəfə çay-bizə rahatlıq verən içkiyə yox, qan qaraldan mövzuya çevrilir. Həmişə Dənizkənarı Milli Parkda bu özbaşnalığa göz yumurduq. Hər dəfə tək çay yox, eləcə də digər qida məhsullarındakı bahalıqdan şikayətlənəndə, cibimiz boşalanda Nazim müəllimin cavabını eşidirdik. Sən demə, biz hər şeyi böyüdürmüşük. Bu dəfə də çayın baha olmasından dərdimizi dilə gətirəndə yenə də Bulvar idarəsinin rəis müavini Nazim Məcidovun ikibaşlı fikirlərini dinlədik. Və bugünə kimi hələ də anlamıram ki, əgər bütün şikayətlərimizə, suallarımıza Nazim müəllim cavab verəcəkdicə, bulvar rəisinin “lazımsız” vəzifəsi nə işə gərəkdir? Bəlkə rəisi görən və tanıyan var?
İndi demirəm ki, Milli Dənizkənarı Parka gedəndə mütləq çay içək, qoz, gül mürəbbəsi sifariş verək. Vallah, heç limonlu çay da istəmirik. Ürəyimiz sadə çay istəyir. Dənizkənarı Park “milli” sözü ilə başlamasaydı, bəlkə də bu özbaşnalığa fikir verməzdik. Amma əgər bu park camaat üçün yaradılıbsa, bizim ərazimizdirsə, icazə verin , orada kefimiz istəyəndə çayı mürəbbə, ya şokoladla içməyə özümüz qərar verək. Onsuzda bu parka gələn ailələr evə dönəndə, boş ciblə və doymamış vəziyyətdə qayıdırlar. Bulvar idarəsi isə vəziyyətə normal baxır, güya hər şey nəzarətdədir. Nə məsələdirsə, bulvar idarəsi rəisinin başı elə vacib işlərə qarışıb ki, vətəndaşın iradı olan kimi Nazim Məcidovu qabağa itələyir. Günlərdir, bir suala cavab tapa bilmirik ki, bilmirik. Bəlkə mənim şəkərli xəstəm var, o da sadə çay istəyir, mən şirniyyatlı çay almaq məcburiyyətində deyiləm ki.
Biz qəti, sərt addım və tədbir gözləyirdik. Təəssüf...Belə çıxır ki, bundan sonra da termosla gəzməli olacağıq. Təki bulvar idarəsinə narahatlıq verməyək. Az qalıb ki, deyələr “çayınızı gedib evinizdə için.”
Fikirləşirəm ki, bəlkə, ictimai yerlərdə birdəfəlik stəkanlarda çay satışı məntəqələri yaradılsın. Biz ki, çayxor ölkəsiyik. İcazə verin, doyunca, cibimizə baxmadan istədiyimiz qədər çay icək. Çay içəndə boğula-boğula yox, ləzzətlə içək.