Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 5-də başlanan Şəki “İpəkYolu” XIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər, Rusiya, İndoneziya, Hindistan, TÜRKSOY ölkələrindən gəlmiş rəqs və musiqi qruplarının, ifaçıların, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivlərinin, musiqiçilərin çıxışlarını izləyiblər.
Uğurla davam edən festivalının üçüncü günü, iyulun 7-də günorta saatlarında tamaşaçılara TÜRKSOY ölkələri sənətçilərinin və Türkiyənin “İnegöl” Xalq rəqsləri qrupunun konserti təqdim olunub.
İyulun 7-də axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Mərasimdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycanın görkəmli musiqi xadimləri, bəstəkarlar Süleyman Ələsgərov və Şəfiqə Axundovanın 100 illik yubileylərinə həsr edilib.
Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın keçirilməsində əməyi olan bütün qurumlara minnətdarlığını bildirib.
Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevə, həmçinin festivalda fəal iştirak edən qurumlara festivalın simvolu təqdim edilib.
Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə xatirə hədiyyələri təqdim olunub.
“İpəkYolu” XIII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.