Şəkidə Anım Günü ilə əlaqədar tədbirlər keçirildi - Fotolar

sekide-anim-gunu-ile-elaqedar-tedbirler-kecirildi
Oxunma sayı: 1225

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhidlərə dərin ehtiram əlaməti olaraq şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksininin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Şəki Heydər Əliyev Mərkəzində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov ölkə başçısının Sərəncamı ilə hər il sentyabr ayının 27-nin Anım Günü kimi qeyd olunmasının şəhid ruhlarına, şəhidlərin doğmalarına böyük ehtiramın bariz nümunəsi olduğunu bildirib. 

Sonra tədbirdə Azərbaycan Televiziyasının hazırladığı, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsinə həsr olunmuş “Biz Qarabağı unutmadıq” adlı film nümayiş olunub.

Qeyd edək ki, Anım Günü ilə əlaqədar kənd və qəsəbələrdə də tədbirlər keçirilib, Şəki şəhərində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub, rayonda ərazisində yaşayan şəhid, qazi ailələri ziyarət edilib, məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Anım Günü ilə əlaqədar şəhərdə yerləşən ictimai binalardan və eyvanlardan Azərbaycan bayraqları asılıb.