Aprelin 22-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində hərbi vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, şəhər rəhbərliyinin, ziyalıların, gənclərin və məktəbllərin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirilb.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova 2020-ci il 27 sentyabr tarixində düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücuma keçən Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyini bildirib.
Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfərin xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü gedən vətənpərvər gənclərimizin igidliyi nəticəsində əldə edildiyini qeyd edən Z.Cavadova vətənimizin digər regionları kimi, Şəki şəhərinin də igid övladları ilə seçildiyini, Şəki rayonu üzrə ümumilikdə 347 nəfərin, onlardan 57 nəfərin Vətən müharibəsində şəhid olduğunu bildirib.
Qazanılan Qələbədə Xüsusi Təyinatlı Qüvvələrin böyük rolu olduğunu vurğulayan natiq, 1999-cu il aprelin 30-da Müdafiə Nazirliyinin nəzdində yaradılan Xüsusi Təyinatlı Qüvvələrin I Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlərin iştirakı ilə baş verdiyini qeyd edib.
Z.Cavadova tədbirdə nümayiş olunacaq Xəzər Televiziyasının çəkdiyi "Kod adı: Yaşma" sənədli filminin Xüsusi Təyinatlı Qüvvələrin Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazan əməliyyatlarından və bu qoşun növünün necə hazırlanmasından bəhs etdiyini bildirib.
Sonra "Kod adı: Yaşma" sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ordu quruculuğunun və gənclər siyasətinin banisi olduğunu, bu gün cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu sahələrdə ardıcıl iş aparıldığını, dünyanın ən qabaqcıl orduları sırasında olan bir orduda xidmət keçməyin gənclərimiz üçün böyük şərəf olduğunu, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçımızın ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşmək hər bir Azərbaycan gəncinin vətəndaşlıq borcu olduğunu bildirib.
İcra başçısı nümayiş olunan sənədli filmin gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində atılan uğurlu addımlardan biri olduğunu bildirərək filmi ərsəyə gətirən Xəzər Televiziyasına təşəkkür edib, dövlətimizin gələcəyi, sivil cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Son xəbərlər
Son Xəbərlər