Şəkidə iri ticarət və satış obyektlərinə nəzarət gücləndirilib - Fotolar

sekide-iri-ticaret-ve-satis-obyektlerine-nezaret-guclendirilib
Oxunma sayı: 1406

Şəkidə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür.

“Qafqazinfo”ya daxil olan məlumata görə, belə ki, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin daha çox toplaşdığı yerlərdə, ticarət, ictimai-iaşə və xidmət obyektlərində rayondakı Operativ Qərargahın üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, mobil qruplar tərəfindən keçirilən reydlər intensivləşmişdir. 

Eyni zamanda, pandemiya ilə mübarizə çərçivəsində iri ticarət və satış obyektlərinə nəzarət gücləndirilmişdir. Bu məqsədlə həmin obyektlərə təhkim olunmuş şəhər icra hakimiyyətinin əməkdaşları gündəlik olaraq həmin yerlərdə monitorinq aparırlar, aşkar olunmuş pozuntuların aradan qaldırılması istiqamətində operativ tədbirlərin görülməsini təmin edirlər.

Aparılan maarifləndirmə tədbirləri zamanı vətəndaşlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunmasının zəruri olduğu, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamalarının vacibliyi izah olunur, qayda pozuntusuna yol verən şəxslər inzibati qaydada cərimələnir.

Evdə karantində saxlanılan xəstələrin özünütəcrid qaydalarına əməl etmələrinə ciddi nəzarət edilir. Onlardan yaşayış yerini tərk etməmək tələb olunur, nəzarət məqsədilə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları, məhəllə nümayəndələri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri mütəmadi olaraq həmin şəxslərlə əlaqə saxlayırlar. 

İctimai nəqliyyatda da həyata keçirilən profilaktik tədbirlər gücləndirilib.