Şəkidə “KOB Fest” sərgi-satış yarmarkası keçirildi - Fotolar

sekide-kob-fest-sergi-satis-yarmarkasi-kecirildi
Oxunma sayı: 1576

Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Xan sarayının ərazisində keçirilmiş “KOB Fest”də Şəki şəhəri və ətraf rayonlardan olan KOB subyektləri tərəfindən bölgəyə xas olan sənətkarlıq nümunələri nümayiş olunub və satılıb.

Ümumilikdə yarmarkada 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri sərgilənib. Festival müddətində taxta üzərində oyma sənəti, origami və s. kimi sahələri üzrə master-klasslar, mədəni-əyləncəli proqram da təşkil olunub.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB Festin mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirildiyini qeyd edib. 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbirin Şəkidə təşkilindən məmnunluğunu ifadə edib, yarmarkanın bölgəyə xas məhsulların tanıdılması, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.