Şəkidə eyni məktəbin 3 müəllimi və 24 şagirdi zəhərlənib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün günorta saatlarında rayonun Qudula kənd orta məktəbində baş verib. Bildirilib ki, 24 şagird və 3 müəllimin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Həmçinin oxuyun: Для дзюдоиста, убившего Турана потребовали 20 лет лишения свободы
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.
***
Şəki-Zaqatala regional təhsil idarəsi orta məktəbdə baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.
“Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılmışdır. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.
Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir.
İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir. Hadisə haqqında əlavə məlumat veriləcək”, - rəsmi məlumatda bildirilib.
***
Şəkidəki məktəbdə qeydə alınan zəhərlənmə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də məlumat yayıb.
Bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.
***
Şəkidəki məktəbdə zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza bildirilib ki, Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub:
“Dərhal həkim briqadaları cəlb edilib. 20-si qadın, 7-si kişi olmaqla 27 nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilir”.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Şəki rayonu, Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki rayon prokurorluğunda araşdırma aparılır.
“Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb. Hazırda araşdırma davam etdirilir”, - məlumatda qeyd olunub.
***
TƏBİB-in yaydığı son məlumata görə, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 4 nəfərə zəruri tibbi xidmətlər göstərilir:
“Vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb”.
Son xəbərlər
Son Xəbərlər