Şəkidə respublika toxum sərgi-satış yarmarkası keçirildi - Fotolar

Şəkidə respublika toxum sərgi-satış yarmarkası keçirildi
Oxunma sayı: 649

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində respublika toxum sərgi-satış yarmarkası öz işinə başlayıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.

Yarmarkanın açılış mərasimində çıxış edən Şəki şəhər icra hakimiyyəti başçısı Elxan Usubov bildirib ki, aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir.

Sonra çıxış kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hər il olduğu kimi bu ildə respublikanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraqlarını və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq toxum sərgi yarmarkası bu il Şəki, İsmayıllı, Quba, Ağcabədi, Sabirabad, Cəlilabad və Hacıqabul və digər rayonlarda təşkil ediləcək.

Toxum sərgi-satış yarmarkalarının keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir.

Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Növbəti sərgi-yarmarkası avqustun 20-də İsmayıllıda təşkil olunacaq.