Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Şəkidə “Şəhər günü” bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda təşkil olunan bayram tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhər sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib: “Şəki 2711 illik tarixə, qədim mədəniyyətə malik olan şəhərdir. Bu şəhərdə Azərbaycan memarlığının ən gözəl abidələri yerləşir. Zəngin tarixi mədəni irsin qorunub saxlanması nəticəsində Şəki Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib”.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Diqqətə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Dövlət Turizm Agentliyinin rəsmisi Murad Ağabəyli Şəkidə mədəni-tarixi irsin qorunub saxlanmasına çox böyük diqqət göstərildiyini vurğulayıb, şəhər sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.
Rəsmi hissədən sonra bayram tədbirinin iştirakçıları rəngarəng konsert proqramını izləyiblər. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Türkiyənin Safranbolu bələdiyyəsinin Xalq Oyunları qrupunun çıxışları olub.
Şəhər rəhbərliyi tərəfindən ifaçı və kollektivlərə, həmçinin festival münasibətilə təşkil olunan idman yarışlarının qaliblərinə xatirə hədiyyələri və mükafatlar təqdim edilib.





Son xəbərlər
Son Xəbərlər