Martın 7-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub.
“Ağ Qaya” restoranında təşkil olunan bayram süfrəsi ətrafında toplaşanlar əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu oxunub.
Şəhid analarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki,zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulub.
Vurğulanıb ki, bu gün ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Şəki şəhərində də bu kateqoriyadan olan insanlar daim diqqət mərkəzində saxlanılır, onlara hərtərəfli dəstək göstərilir, problemlərinin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Sonra şəhid anaları çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bayram tədbiri maraqlı musiqi proqramı ilə davam edib.






Son xəbərlər
Son Xəbərlər