Şəkidə taxıl sahəsindən başlayan yanğın meşəyə də yayılıb

Şəkidə taxıl sahəsindən başlayan yanğın meşəyə də yayılıb
Oxunma sayı: 1532

Şəkidə taxıl sahəsindən başlayan yanğın meşəyə də yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün axşam radələrində rayonun Kiş kəndi ərazisində sakinlərə məxsus əkin sahələrində yanğın baş verib. Yanğın yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Əkin sahələrində başlayan yanğın yaxınlıqdakı “Salıncaq” adlanan meşə ərazisinə də keçib. Yanğın nəticəsində ümumilikdə 30 hektar biçilmiş taxıl sahəsi, meşə ərazisində isə kol-kos və qurumuş ot yanıb.

Yanğının meşənin iri ağaclar olan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov