Fevralın 1-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda ziyalıların, gənclərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ötən ilin dekabr ayının şəhər üçün olduqca əlamətdar hadisələrlə zəngin olduğunu, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şəki rayonuna səfər etdiyini, bir sıra obyektlərdə yaradılan şəraitlə və aparılan bərpa-təmir işləri ilə tanış olduğunu bildirib. Qeyd olunub ki, Prezident Şəkiyə 11 dəfə səfər edib, bu səfərlər zamanı 31 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak edib, həmin obyektlərdə yaradılan şəraitlə tanış olub, qısa müddətdə Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı 23 Sərəncam imzalayıb.
Sonra icra başçısı Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli“ elan edildiyini, bununla bağlı Tədbirlər Planının təsdiq edildiyini bildirib, şəhər İcra Hakimiyyəti tərəfindən keçiriləcək tədbirlər haqqında məlumat verib.
Vurğulanıb ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması ümummilli liderimizin ən böyük tarixi xidmətidir.
Tədbirdə qeyd olunub ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi daha böyük uğurlara aparır. Ulu öndərin şah əsəri olan güclü Azərbaycanımız müstəqilliyini və suverenliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində böyük zəfər qazanmaqla təsdiq etdi.
Sonda Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni seçilmiş üzvləri tədbir iştirakçılarına təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər