Səlim Müslümovun hesabatı...

selim-muslumovun-hesabati
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, S.Müslümov deyib ki, cari ilin arxada qalan dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən gəlirlərin icrası, maliyyə dayanıqlıgının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət edib: “Cari il iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanıb və 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb. Bununla da bütün pensiyaçıların 97,4 faizi yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlayıblar”.

S. Müslümov nəzərə çatdırıb ki, görülən bütün bu tədbirlər nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 2011-ci ilin əvvəlinə nisbətən 28,4 faiz artaraq 145 manat, o cümlədən yaşa görə pensiyalar üzrə 160 manatı ötüb. Fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 9,23 faiz artıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 966 607 nəfərə yüksəlib.

Hesabat dövrü ərzində kənd yerlərində yaşayan pensiyaçıların pensiyalarının plastik kartlarla ödənilməsi genişləndirilib. Hazırda pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,0%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,4 %-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Təkcə bu il Fondun sifarişi ilə əlavə olaraq 15 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı 512-yə çatdırılıb.

Daha sonra S. Müslümov vurğulayıb ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2012-ci ildə də davam etdiriləcək. DSMF-nin növbəti ilə pensiya xərcləri 2322,5 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 13,4% və ya 275,1 mln. manat çoxdur. Pensiya xərclərinin 56%-i və ya 1261 mln. manatı əmək pensiyalarının baza hissəsinin, 44%-i və ya 1020 mln. manatı isə sığorta hissəsinin payına düşür ki, bu da 2011-ci ilə nisbətən sığorta hissəsinin xüsusi çəkisinin 8,3% artması deməkdir: “Başqa sözlə, ölkənin sığorta-pensiya sistemində getdikcə sığorta prinsiplərinin gücləndirilməsi davam etdiriləcək. Növbəti ildə pensiyaların sığorta hissəsinin artımına cəmi 290 mln. manat vəsait yönəldiləcək ki, bunun da 200 mln. manatı 2010-cu ilin 1 yanvarına qədər pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması nəticəsində onların pensiyalarının sığorta hissəsinin yaranması və artırılmasına, 22 mln. manatı sistemə 2011-ci ildə daxil olacaq pensiyaçıların pensiyalarının sığorta hissəsinin sistemdən çıxan pensiyaçılarınkından yüksək olan hissəsinin maliyyələşdirilməsinə, 68 mln. manatı isə əmək pensiyalarının sığorta hissəsinin 2011-ci ilin istehlak qiymətlərinin gözlənilən artımına uyğun indeksləşdirilməsinə yönəldiləcək”.

Nigar Məmmədli