Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli deyib.
O, dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şotlandiyanın “Seltik” klubu ilə 0:0 heç-heçə edib mübarizəni dayandırdıqları oyundan danışıb: “Dünən biz daha yaxşı çıxış edə bilərdik. Amma “Seltik” “ağıllı futbol oynadı. Onlar çox rahat şəkildə müdafiə olundular. Bunun nəticəsində “play-off”a vəsiqə qazandılar. Biz isə lazım olanı edə bilmədik. “Seltik” Avropanın sayılıb-seçilən komandalarındandır. Onlara qarşı oynamaq heç bir klub üçün asan deyil. Ən azı Çempionlar Liqası təcrübəsi onlar üçün üstünlükdür”.
Aqolli stadionun vəziyyətindən də danışıb: “Stadionun vəziyyəti ürəkaçan deyildi. Biz texniki futbola üstünlük verən komandayıq. Buna görə də daha yaxşı stadionda çıxış etməliydik. Təbii ki, topla daha yaxşı davrana bilsəydik, vəziyyət də fərqli olardı”.
Alban futbolçu Avropa Liqası haqqında hələ düşünmədiklərini bildirib: “Qarşıda çempionat oyunu var. Ondan sonra Avropa Liqası haqqında düşünəcəyik. İnanıram ki, Avroliqada uğur qazana biləcəyik. Bunun üçün var gücümüzlə çalışmalıyıq. Bundan öncə isə bizi daha bir çətin qarşılaşma gözləyir. Belə ki, “Qəbələ” ilə matç da vacibdir”.
Son xəbərlər
Son Xəbərlər