Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində torpaq üstündə qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun məhkəməsi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə Ş.Məhərrəmov sərbəst ifadə verib. O bildirib ki, 2005-ci ildən üç qardaş birlikdə 4 hektar torpaq sahəsində təsərrüfatla məşğul olublar: “Hadisədən əvvəl torpağı bölmək istədik, Səməd razı olmadı. Kiçik qardaşım Azad üçün ev tikmək istədik, bizi məhkəməyə verdi. Hadisə günü iş getdiyi üçün elektrik naqilləri qırılmasın deyə açmaq istədim, bu vaxt Səməd məni arxadan təpiklə vurdu. Səbəbini soruşanda məni təhqir etdi, onu öldürəcəyini dedim. Mənə “səndə o ürək hardandı?” deyə cavab verdi, əsəblərimi cilovlaya bilmədim. Gedib silahı gətirib onu vurdum, amma 3 dəfə atəş açmadım. Peşmanam”.
Onların anası Xəzangül Məhərrəmova deyib ki, övladlarını bu vəziyyətdə görmək istəməzdi: “Mən onları zülmlə böyütmüşəm. Amma Səməd buna nəsə deyib ki, bu da onu vurub”.
Mərhum S.Məhərrəmovun arvadı Çiçək isə hadisənin şahidi olduğunu deyib: “Mən güllə səsini eşidib çölə qaçdım. Şirxan yerdə uzanan Səmədə atəş açdı. Ona dedim kömək elə həkimə aparaq. Şirxan silahı mənə tərəf tuşlayıb dayandı. Fəhlələr ona müdaxilə edəndən sonra silahı aşağı salıb çıxıb getdi. Orada qardaşı Azada zəng edib dedi ki, gəl mal-heyvana yiyə çıx, Səmədi öldürdüm”.
Proses aprelin 19-da davam etdiriləcək.
Ş.Məhərrəmovun himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı var, həyat yoldaşı isə vəfat edib.
1972-ci ildə Ermənistanın Amasya rayonunda anadan olan Şirxan Məhərrəmov Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitunda gözətçi işləyib.
Hadisə 2017-ci il oktyabrın 30-da Xızı rayonun Yarımça kəndində baş verib. 1972-ci il təvəllüdlü Məhərrəmov Şirxan Həsən oğlu qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.
Bildirilir ki, iki qardaş arasında uzun müddət torpaq sahəsi üstündə münaqişə varmış. Onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər