“Səmimi görünmək istəsələr də, içlərində şeytan var”

semimi-gorunmek-isteseler-de-iclerinde-seytan-var
Oxunma sayı: 2539

“Altı ay,  altı gün həbsxanada oldum. Hardasa 10 ilimi geriyə saldı. Bu müddət ərzində hər şeyin dəhşətli yuxu olduğunu düşünürdüm. Yata bilmədiyim günlər Bakı İstintaq Təcridxanasında oldu. Düşünürdüm ki, məhkəmədir, gedib evə qayıdacam. Amma birbaşa həbsxanaya getdim”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri bir neçə həftə bundan əvvəl azadlığa çıxan prodüser Təranə Səmədova deyib. O, Tarix Əliyevin “Youtube” layihəsində cəza evində yaşadıqlarından danışıb:

“Utandığım bir şey yoxdur. Kütlə müəyyən şeyləri bilmir, amma qınayır. Məhkumluq gördüm, buna görə pis oldum. Yazırlar ki, səsin batıb, əvvəlki Təranə deyilsən. Düzdü, sınaq müddətində səbr etməyi öyrəndim. Çılğınlığımı həbsxanada dəfn etdim”. 

Təranə məhkumluq dövründə qızı Suel üçün çox darıxdığını qeyd edib: “Qızımla bağlı çox narahat idim. Bilirəm ki, mən və anam olmadan məktəbdə digər valideynlərlə iclas keçirilib. Deyilib ki, uşaqlara tapşırılsın və Suelə bu mövzuda sual verilməsin. Suelin məhkəmə gedişatında məsələdən xəbəri var idi. Cəzaçəkmə müəssisəsinə gedəndən 1 həftə sonra qızımı gördüm. O mənə ürək-dirək verirdi. Bir dəfə yanıma gələ bilməmişdi, anamla məktub göndərmişdi. Yazmışdı ki, məktəbdə tədbirim var, ona görə gəlməmişəm”. 

O, açıqlamasında şikayətçi olan şəxslərin keçmiş rəfiqələri olduğunu bildirib: “Tutulmağıma səbəb olan insanlara belə kinli deyiləm. Həyatda heç kim sığortalanmayıb. Əvvəllər söz olaraq, indi isə əminliklə deyirəm. Kimsə həbsimə sevinibsə, Allahdan qorxsun. Heç kim kiminsə pis gününə sevinməsin. İndi ətrafımı çox təmizləmişəm. İndi heç kim yoxdu, insanlara çox inanmıram. Üzdə səmimi, xoş görünmək istəsələr də, içlərində şeytan var. Çünki ən yaxın rəfiqələrimdən biri üzümə durdu. Hələ gəlib 1 ilin az olduğunu, 3 ilədək həbs olunmağımı istəyirdi. Özümdə günah görürəm ki, onlar mənim ətrafımda olub. Onlar dost olmaq istəyiblər, mən də geri çevirməmişəm”. 

Təranə həbs müddətində atasının Suellə maraqlanmadığını sözlərinə əlavə edib: “Bu dövrdə qızımın atası maraqlanmadı, axtarmadı. Onun hazırda ailəsi, uşağı var. 9 ildə bir-iki dəfə danışıblar. Bizim münasibətimiz olub, övladım dünyaya gəlib. Qızımın atasının adı Abbasdır. Amma Suel mənim soyadımı daşıyır. Atası onun bir yaşında gəlib təbrik etmək istədi, dedim ki, bir də bizi axtarma”.