Şəmkirçay sutəmizləyici qurğusunda işlər başa çatır

semkircay-sutemizleyici-qurgusunda-isler-basa-catir
Oxunma sayı: 784

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirir. Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, respublikamızın qərb bölgəsində əhalinin etibarlı və dayanıqlı  içməli su təminatına hesablanmış Şəmkirçay sutəmizləyici qurğusunda işlər son mərhələdədir. 

Şəmkirçay su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Ümumi su tutumu 165 milyon kubmetr olan anbarın potensial ehtiyatı dayanıqlı içməli su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır. Üstəlik burada toplanan yerüstü suların təbii durulmadan keçməsi suyun emalını asanlaşdırır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilir. Kompleksdə hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, anbarların idarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyat generator alınaraq ərazidə quraşdırılıb. Hazırda qurğuda emal avadanlıqlarının quraşıdırlması işləri aparılır.

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğunun bu ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.  Müasir texnologiya əsasında tikilən yeni qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanı keyfiyyətli və fasiləsiz içməli su təmin edəcək.

Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux  şəhərinə 85 litr,  kəndlərə isə 50 litr  içməli su veriləcək.