Sən niyə susursan, Ziya Məmmədov?

sen-niye-susursan-ziya-memmedov-
Oxunma sayı: 6485



Çox hörmətli Ziya müəllim! 

Söz verdiyimiz kimi ikinci məktubla görüşünüzə gəlmişəm. Birinci məktubdaki dahi rus rəssamı Repin haqqında əhvalatı yadınza salaraq müraciətimə başlayıram (daha doğrusu davam edirəm). 

Cənab nazir! Sovet dövründə çəkilmiş milli filmlərimizdən biri belə adlanır:”Sən niyə susursan?”.  İndi mən həmin sualı sizə ünvanlamaq istəyirəm. Siz niyə susursuz? Nəqliyyat nazirliyinin yarıtmaz fəaliyyəti barədə hər gün qəzetlərdə, saytlarda, hətta televiziyada xəbərlər verilir. Xalq arasında “qoçu” adı almış yarımhərbi xüsusi təyinatlı dəstələriniz barədə əfsanələr dolaşmaqdadır. Amma nazirliyiniz bu xəbərlərə reaksiya vermir. Sanki belə hadisələr ümumiyyətlə baş vermir. Hərdən mənə elə gəlir ki, Nəqliyyat nazirliyində şərq müdrikləri, buddalar işləyir. Heç bir xəbər, tənqid, şikayət onların ruhi sakitliyini, daxili müvazinətini pozmağa qadir deyil. Nəqliyyat sektorunda baş verən bütün hadisələrə onlar öz ruhi kamilliklərinin zirvəsindən baxırlar. Lakin xalq səbrsiz, jurnalistlər inadkardırlar. 

Ziya müəllim, xahiş edirəm cavab verin: Siz niyə susursuz? Birinci məktubumda 20 yanvar metrosu ətrfadında baş verən vəhşəti diqqətinizə çatdırmışdım. Binə, Sədərək, Sumqayıt istiqamətində hərəkət edən taksi sürücülərinin özbaşınalığından yazmışdım. Mən hələ abrıma qısılıb Müşfiqabad taksilərindən, “Şamaxinka” istiqamətindəki Xırdalan taksilərindən danışmamışdım. Sanki 20 yanvar ərazisinə taksi desantı atılıb. İnanılmaz yerlərdə qəflətən adamın qarşısına çıxır, qışqırır, az qala adamın qolundan tutub zorla taksiyə mindirirlər. 

Gəlin sizə bir etiraf edim, öz aramızda qalsın. Mən 20 Yanvardan keçməmək üçün yolumu bəzən kilometrlərlə uzadıram, tıxaca düşürəm, ləngiyirəm. Başqa yolum yoxdur. Qorxuram. Bəli, açıq etiraf edirəm,mən 20 Yanvar taksi sürücülərindən qorxuram. Ailə saxlayıram, çörək qazanıram. Heç kim zəmanət verə bilməz ki, həmin ərazidən keçərkən qolumdan tutub məcburən maşına mindirib Ceyranbatan, Nasosnı tərəfdə çölün düzünə atmayacaqlar. 

Hörmətli nazir! Bu məktubu sizə bir məmur kimi yox, həm də bir eloğlu, həmvətən kimi yazıram. Sizdən qardaşyana xahiş edirəm. Əgər doğrudan da “qoçularınız” varsa, onlara tapşırın, qarabağ əlillərinin çörəkpulu qazanmalarına mane olmaqdansa, savab iş görsünlər. 20 yanvar ətrafını təmizləsinlər. Həqiqətən sadə xalqın, qadınlarnın, yaşlıların bu köməyə böyük ehtiyacları var. Sizə bir sirr də açıram—bu taksi sürücülərinə görə xalqın narazılıq edəcəyini düşünürsüzsə, əfv edin, yanılırsız. Fevral ayında qar yağarkən Sumqayıt taksiləri insanların əlacsızlığından istifadə edərək, adamın birini 20, bəzən hətta 40 manata aparırdılar. Siz xalqın canını onlardan qurtarıb mikroavtobusları qanuni şəkildə xəttə buraxsaz, xalq, dövlət də, ulu Yaradan da sizdən razı qalar. 

Bir problemimiz də var. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti artıq lətifə mövzusuna çevrilib. İntellektual sözü ümumiyyətlə bu Mərkəzin adına yamaq kimi görünür. Sözün açığı, intellektə bu saat ciddi ehtiyac da duymuruq. Avtobus sürücüləri sərnişin uğrunda Formula-1 yarışlarınıa çıxmasalar, bizə yetər. Camaat avtobusda ayaq üstə durmağa yer tapa bilmir, qapıdan sallanıb gedir, intellekt haramıza yaraşır. Sadəcə olaraq, o qədər xərc çəkdiyiniz mərkəzin 141 telefon xidmətinə cavab verən yoxdur. Saatlarla telefon çağırır, əməkdaşlar məlum deyil toya gediblər, nahar eləyirlər, y oxsa hamamda qüsl alırlar. Susurlar. İmkanınız olsa, 141 telefon xidmətinə cavabdeh olan adamın qabağını kəsib soruşun:”Sən niyə susursan?” Qiymətli vaxtınızı almamaq üçün məktubu burada tamamlayıram. Ümid edirəm qaldırılan problemlərlə bağlı nazirlikdən reaksiya veriləcək. Əks təqdirdə üçüncü məktubu yazacağam.