Sənətkarlarımızın yutub hesablarının silinməsi iddiasına - Münasibət

senetkarlarimizin-yutub-hesablarinin-silinmesi-iddiasina
Oxunma sayı: 2185

“WediaCorp Azərbaycan” şirkəti Xalq artisti, məşhur bəstəkar Elza İbrahimova daxil olmaqla bir çox mərhum sənətkarların yutub hesablarını silməsi ilə bağlı ittihamlara cavab verib.

Şirkətin texniki direktoru Əmrah Babayev “Qafqazinfo”ya açıqlamasında məsələyə aydınlıq gətirib. O,  E. İbrahimovanın qardaşı Çingiz İbrahimovun həqiqətə uyğun olmayan açıqlama verdiyini bildirib:

“Çingiz İbrahimov öz adına kanal açıb və videolar yükləyib. Yutubda iki cür müəllif hüququ var- görüntü və səs. Tutaq ki, bir klip və yaxud TV üçün proqram çəkilir və orada gedən görüntü və səsləndirilən musiqinin müəllif hüququ qorunur. Çingiz bəyin öz kanalında 30-a yaxın müəllif hüququ pozuntusu var idi. Hər hansı bir telekanal öz verilişini yutuba yükləməzdən əvvəl qanuni şəkildə lisenziyalaşdırır. Avtomatik olaraq Çingiz bəy də vizual görüntülü videonu öz kanalına yükləyəndə əldə olunan gəlir telekanalın balansına ötürülür.

Həmçinin Çingiz bəyin hesabı musiqiyə görə deyil, görüntüyə görə şikayət olunurdu. Çingiz İbrahimovun kanalında 30-a yaxın şikayət var idi. Biz heç vaxt Elza İbrahimovanın musiqisini lisenziyalaşdırmamışıq. Söhbət görüntüdən gedir. Əgər hansısa bir kanalda Elza xanımın bəstəsini başqa müğənni ifa edirsə, Çingiz bəy yutuba qoyursa, şikayət daxil olur. Biz dəfələrlə Ç. İbrahimovla danışmışıq, izah etmişik, lakin anlamaq istəmir.

Qeyd edim ki, üç cür müəllif hüququ var. Birincisi pul qazanmaqdır, bu, videonun əsas sahibinə gedir. İkinci müəllif hüququ odur ki, videonu paylaşmaq olmaz. Üçüncü isə bu iki bəndi pozanlara “etiraz et” bölməsidir.

Bayaq dediyim kimi hansısa bir verilişdən görüntü Çingiz bəyin kanalına yüklənəndə vizual görüntü lisenziyası üçün əsas gəlir kanala gedir. Bu zaman “etiraz et” bölməsi var. Çingiz bəy də bu funksiyadan istifadə edib. Bu zaman edilən şikayət yutubun baş ofisinə gedib. Görüntü və səs məsələsinə görə şikayət edən və şikayət olunan hesab araşdırılır. Görüblər ki, Çingiz bəy saxta şikayətlər edib. Üç dəfədən artıq şikayət olunursa, kanal avtomatik bloklanır. Heç bir partynor şirkət yutub kanalını bağlaya bilməz. O zaman hər kəs istədiyi bir kanalı bağlaya bilərdi. Biz nə üçün Elza xanımın, Çingiz bəyin kanalını bağlayaq? Sadəcə olaraq Çingiz bəy səhv etdiyi üçün kanalı bağlanıb. Ona göndərilən məktubda bildirilib ki, “WediaCorp Azərbaycan” şirkətinin müəllif hüquqları pozulduğu üçün belə addım atılıb. Çünki biz Azərbaycanda bir çox TV, müğənni ilə çalışırıq, onların vizual görüntülərini lisenziyalaşdırırıq. Biz heç bir kanalı bağlamamışıq.

Çingiz bəy 5 ay əvvəl bizim ofisimizə gəlmişdi. Qeyd etmişdik ki, bütün mərhum sənətkarların vərəsələri ilə danışıqlar aparırıq. Onlar hansısa bir səhvə yol verə bilərlər. Bu səbəbdən Çingiz bəyə yardım etmək istədik, düşündük ki, hesab daha səliqəli olsun. Lakin o, razılaşmadı. Səbəbini də sizə izah edim. Biz təklif etdik ki, Elza İbrahimovanın əsərlərini yalnız pianinoda ifa edib kanala yükləmək olar. İfa edən sənətçinin görüntüsünü yükləmək olmaz. Bildirmişdik ki, musiqi sizindir, görüntü yox”.

Qeyd edək ki, iddiaya görə, sözügedən şirkət Azərbaycanda milyon baxış toplayan və mülkiyyətçisi həyatda olmayan şəxslərin ifalarını, videokliplərini şikayət edərək silir, yenidən səhifə açaraq özlərini mülkiyyətçi kimi təqdim edir. Hesab sahibi razı olmadığı təqdirdə yutuba bu barədə şikayətlər göndərilərsə, səhifə bağlatdırılır.

Bildirilib ki, Rəşid Behbudov, Elza İbrahimova, Oqtay Ağayev, Emin Sabitoğlu və başqa məşhur simaların layihələri silinib. Silinənlər arasında, hətta Elza İbrahimovaya məxsus 800-dən çox musiqi videosu da var.