“Qafqazinfo” xəbər verir ki, İ. Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Atası Yunis Heydər oğlu Qəmbərovkimya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, SSRİ-də tanınmış kimyaçı-alim, anası Tahirə Abbas qızı Qəmbərova kimya elmləri namizədi olub. 1964-1974-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib. 1979-1982-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-1990-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub.
Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb. AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü, 1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. 1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın başqanı seçilib.
4 iyun qiyamından sonra Azərbaycan dövlətçiliyi və əhalinin təhlükəsizliyi naminə Ali Sovetin sədri vəzifəsindən istefa verib. Sonra qiyamçılar tərəfindən həbs edilib. İctimaiyyətin və dünya demokratiyasının təzyiqi nəticəsində bir aydan sonra həbsdən azad olunub. Hazırda Müsavat Partiyasının başqanıdır.
29 mart 2003-cü ildə 14 partiyanın daxil olduğu Demokratik Konqresin Məclisinin, 18 iyun 2003-cü ildə Müsavat Partiyası Məclisinin qərarı ilə prezidentliyə namizədliyi irəli sürülüb. "Bizim Azərbaycan" blokuonun namizədliyini müdafiə edib. 2003-cü il Prezident seçkilərinin rəsmi nəticələrinə görə 8 namizəd arasında 13.97% səs toplayaraq 2-ci yer tutub.
2005-ci il Parlament seçkilərində namizədliyi "Azadlıq" blokunun təmsilçisi kimi Nərimanov ikinci seçki dairəsindən, 2010-cu ildə isə AXCP-Müsavat seçki bloku tərəfindən Yasamal birinci seçki dairəsindən irəli sürülüb.
2013-cü ildə yaradılmış Milli Şuranın həmtəsisçilərindən biridir. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizədliyini dəstəkləyib.
Evlidir, 2 oğlu var: Turqut Qəmbər və İlkin Qəmbər. Həyat yoldaşı Aida Rəhim qızı Qəmbər (Bağırova) tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosentidir.