Şentop və Pakdemirli “Dubay Ekspo-2020”də Azərbaycan pavilyonunda - Fotolar

Şentop və Pakdemirli “Dubay Ekspo-2020”də Azərbaycan pavilyonunda
Oxunma sayı: 790

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, eləcə də bu ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Birləşmiş Ərəb Əmirliklərinə səfərləri çərçivəsində “Dubay Ekspo-2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkiblər.

“Qafqazinfo” xəbər verir ki, milli pavilyonla tanış olan Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazaraq deyib: “Dubayda keçirilən “Ekspo-2020” sərgisində Azərbaycan pavilyonunun qonağı olmaqdan şərəf duyuram. Bunun can Azərbaycanın pavilyonunun tanıdılmasına və ticarət əlaqələrinin qurulmasına töhfə verəcəyinə ümid edirəm”.

Bekir Pakdemirli də milli pavilyonda sərgilənən eksponatlarla tanış olub. “Qardaş Azərbaycanın öz mədəniyyətini, tarixini və məhsullarını ən yaxşı şəkildə sərgilədiyinin sevinclə şahidi oldum. Pavilyonun Azərbaycanı tanıtmasına, ticarət əlaqələrinin qurulmasına və gücləndirməsinə ümid edirəm”, - deyə nazir bildirib.